Azərbaycan I Divizionunda növbəti mövsümün iştirakçıları müəyyənləşməkdədir. Premyer Liqa klublarının əvəzedici komandalarının yarışdan çəkilməsi ilə azalan sayı 10-a çatdırmaq üçün AFFA və PFL seçim edir.

Futbolinfo.az xəbər verir ki, yekun qərar iyunun 16-da, AFFA İcraiyyə Komitəsinin (İK) iclasında veriləcək. Lakin ona qədər ilkin siyahı bəlli olmalıdır. Çünki İK bir araya gələrkən Premyer Liqa, I Divizion və II Divizionun hər birində 10 komandanın iştirak edəcəyi rəsmən təsdiqlənməlidir. İştirakçıların sayı isə tədbirə qədər aydınlaşacaq.

Ötən mövsüm I Divizionda yarışmış “Zaqatala”, MOİK, “Qaradağ Lökbatan”, “Mingəçevir” və “İmişli” mübarizəyə davam edəcək. Onlara çempion “Araz-Naxçıvan”ı əvəz edəcək “Şamaxı” qoşulacaq. Bölgə təmsilçisinə güzəşt edilməsi gözlənilmir.

Digər dörd komandadan da üçü müəyyənləşib. “Karvan” (Yevlax), “Araz” (Saatlı) və “İrəvan” Divizionda mübarizəyə başlayır. 10-cu komandanın kim olacağı ciddi müzakirə mövzusudur. Hazırda iddiaçı klublar arasında seçim aparılır və ən hazırlıqlı olan yarışa buraxılacaq. Digər komandalar isə II Divizionda yarışıb bu liqaya vəsiqəni idman mübarizəsi nəticəsində qazanmalı olacaq.

Shares: