2023-24 mövsümündə Birinci Divizionda çıxış edəcək “Karvan” bir il sonra Premyer Liqaya qayıtmağın planlarını qurmağa başlayıb. Futbolinfo.az saytının məlumatına görə, Yevlax klubu bunun üçün indidən həm heyətlə, həm də infrastrukturla bağlı çatışmazlıqları aradan qaldırmağa çalışır.
Kənan Kərimovun çalışdırdığı komanda üçün yeni baza tikintisinə başlanılıb. Meydançaya artıq yeni toxum da səpilib. Bundan başqa, bazada süni örtüklü əlavə meydança salınacaq. Hələlik məşqlər “Karvan”ın köhnə bazasında aparılacaq və komanda orada məskunlaşacaq.
Bazanın gələn il istifadəyə verilməsi planlaşdırılır. 2024-25 mövsümündə Premyer Liqada çıxış etməyi hədəfləyən rəhbərlik bazada aşağı yaş qruplarından ibarət komandalar üçün də şərait yaradacaq.