AFFA İcrayyə Komitəsinin (İK) son islasının Gündəliyində lisenziyalaşdırma qaydalarında dəyişikliklərin müzakirəsi nəzərdə tutulmuşdu. Tədbir baş tutdu, qərarlar verildi, lakin nəyi necə dəyişdirdikləri sirr qaldı. Yalnız qərarların ümumi siyahısında “Klubların Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2023) müvafiq dəyişikliklər təsdiq olunsun” cümləsinə rast gəldik.
Bəs, əsas dəyişikliklər nədən ibarətdir? AFFA rəsmi açıqlama vermədiyindən, normal fəaliyyət göstərməyən saytında bu barədə məlumat yerləşdirmədiyindən, konkret olaraq hansı tələbə necə düzəliş olunduğunu izah etmədiyindən məsələni özümüz araşdırmağı lazım bildik.
Bəri başdan qeyd edək ki, oxuyacaqlarınız heç də düzəlişləri tam əhatə etmir. Biz yalnız ən önəmli məsələləri çatdıracağıq.
İK-nın təsdiq etdiyi düzəlişlərdən biri klublardan tələb olunan bank zəmanətlərinin ləğvidir. İndiyədək Premyer Liqa lisenziyasını əldə etmək istəyən klublar 300, avrokubokda iştiraka imkan verən sənəd arzulayanlar 500 min manatlıq zəmanət sənədi təqdim edirdi. Klublara dövlət tərəfindən 3 milyon manat məbləğində vəsait ayrıldığından və bu pul AFFA tərəfndən klublara verildiyndən indi hər hansı zəmanətə gərək yoxdur.
Digər önəmli məqam lisenziya tələblərinin bindan sonra qadın komandalarına də şamil olunmasıdır. Xanımların çempionatında iştirak edənlər müəyyən tələbləri yerinə yetirməli olacaq. Səbəb AFFA-nın UEFA-ya müraciətidir. Futbol qurumu 2024/25 mövsümündən etibarən daxili çempionatın qalibi olmuş komandamızın qadınların Çempionlar Liqasında iştirakını istəyir. Bununla bağlı müraciət olunub, razılıq alınacağı gözlənilir. Belədə yarışa hazır olmaq üçün çempionatda iştirak edəcək komandaların müəyyən tələbləri yerinə yetirməsilazımdır ki, qitə arenasına çıxmağa hazır olsunlar.
Hələlik Misli Premyer Liqasında çıxış edən klubların qarşısına qadın komandalarının yaradılması ilə bağlı tələb qoyulmayıb. Lakin UEFA istəsə, yəqin ki, qarşıdakı illərdə bu məsələ də aktuallaşacaq.
İK-nın etdiyi düzəlişlərdən sonra I Divizion klublarına da müəyyən tələblər qoyulub. Bunlar əsasən infrastrukturla bağlıdır. Şərtlər sərt deyil, amma çempionatda iştirak üçün onların yerinə yetirilməsi vacibdir.
AFFA-nın daha bir yeniliyi xüsusi platformanın yaradılmasıdır. Klublar bundan sonra lisenziya sənələrini internet üzərindən təqdim edəcək.
AĞA