“Qarabağ”ın futbolçusu Musa Qurbanlının Avstriyanın “Zalsburq” klubuna keçəcəyi ilə bağlı xəbərlər səngimir. Gənc forvardın yay “transfer pəncərəsi”ndə Avropaya yollanacağı iddiaları günü-gündən çoxalır.

Ağdam klubunun hücumçusunun “Red Bull”a bağladığı reklam müqaviləsi də bu cür xəbərlərə təkan verir. Çünki “Zalsburq” klubunun baş sponsoru məhz “Red Bull”dur.

Futbolinfo.az-a danışan Avstriya klubunun mətbuat xidmətinin rəhbəri Kristian Kirçer xəbərləri şərh etməyib: “Bizim klubun rəsmi mövqeyi budur ki, transferlər barədə xəbərləri və məsələləri şərh etmirik. Biz bir çox futbolçunu tanıya və izləyə bilərik. Lakin sizə hər hansı məlumat verə bilməyəcəyik”.

Bizdə olan bilgiyə görə, “Qarabağ”ın baş məşqçisi urban Qurbanov futbolçusunu daha bir il heyətdə saxlamaq niyyətindədir. Musa isə atasını yola gətirməyə çalışır.

Shares: