AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovun AFFA-nın rəsmi saytına müsahibə verib.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

– Ötən lisenziyalaşdırma mövsümünü necə qiymətləndirmək olar?
– Ötən mövsümün bir ilklə yadda qaldığını qeyd etmək istərdim. Bu isə Premyer Liqaya lisenziya almış klubların sayının həmin liqada mövcud olan yerlərin sayından çox olmasıdır. Məncə, bu halı müsbət qiymətləndirmək lazımdır, çünki bu, I Divizionda çıxış edən klubların lisenziyalaşdırma prosesinə daha peşəkar yanaşmasını göstərir. Ötən mövsüm I Diviziondan 6 klub Premyer Liqa lisenziyası üçün müraciət etmişdi və hər biri bütün minimum tələbləri yerinə yetirmiş olsaydı, lisenziya alacaqdı. Lakin bu, o anlama gəlmir ki, Premyer Liqada klubların sayı 16-a qədər artmalıdır. Çünki liqalar arasında yerdəyişmələr yarışların əsasnaməsinə uyğun olaraq tənzimlənir. Ötən mövsümdən bir misal gətirim: Premyer Liqadan 7 klub UEFA lisenziyası üçün müraciət etmişdi, 2 klub müxtəlif səbəblərə görə imtina cavabı aldı, 5 klub isə lisenziya əldə etdi. Lakin bu o demək deyil ki, klubların 5-i də bu yay UEFA yarışlarında mübarizə aparacaq. Reytinqə müvafiq olaraq, 4 ən yaxşı nəticə göstərmiş komanda ölkəmizi Avropada təmsil edəcək. Eyni prinsip daxili yarışlarda da tətbiq olunmaqdadır. Lisenziyanın əldə edilməsi uğurun bir hissəsidir, ikinci hissə isə, təbii ki, yarışlarda əldə olunmuş idman nəticələridir. Əslində, bu cür hallar Avropada təbii qəbul olunur. Məsələn, hər hansı klub mövsümün ortasında turnir cədvəlinin ortalarında və ya hətta sonunda gedirsə və yuxarı liqaya yüksəlmək şansı çox aşağıdırsa, yenə də lisenziyalaşdırma prosesini dayandırmır və lisenziya əldə etməyə çalışır. Bu isə, avtomatik olaraq lisenziya almış klubların sayının yuxarı liqaya yüksələcək klubların sayından çox olmasına gətirib çıxarır. Avropanın müxtəlif ölkələrində klubların lisenziya əldə etməsi onların peşəkarlağının, potensial yeni sponsorlar üçün daha cəlbedici olmasının göstəricisidir. Həmçinin, səhmdar cəmiyyət kimi təsis olunmuş və fəaliyyət göstərən klublar üçün lisenziyanın əldə olunmaması səhmlərin kəskin şəkildə ucuzlaşmasına və digər negativ hallara gətirib-çıxara bilər. Ölkəmizdə yuxarıda qeyd etdiyimiz bir ilk yaşandığı üçün müəyyən sualların yaranması başadüşüləndir. Ümid edirəm ki, növbəti mövsümlərdə bu cür hallar bizim üçün adiləşəcək. Bunun üçün isə klubların lisenziyalaşdırma prosesinə daha peşəkar şəkildə yanaşması vacibdir. Futbolçular meydanda idman nəticələrini əldə etmək üçün mübarizə apardığı zaman klubların inzibati heyətinin müvafiq məsul şəxsləri də lisenziyanın əldə olunması istiqamətində öz işini görməlidir.

– AFFA-nın İcraiyyə Komitəsi tərəfindən növbəti mövsüm üçün yeni Lisenziyalaşdırma Qaydaları təsdiqlənib. Ötən mövsümə nisbətən hansı dəyişikliklər baş verib?
– Yeni qaydalara əsasən, növbəti mövsümdən etibarən I Divizionda və Qızlar Yüksək Liqasında iştirak etmək üçün lisenziyanın alınması mütləq olacaq. Bu isə o deməkdir ki, artıq klublar lisenziyalaşdırma prosesinə çox diqqətlə yanaşmalıdırlar. Təəssüf ki, I Divizionun müəyyən iştirakçıları son bir neçə ildə mövsümün əvvəlində lisenziya əldə etmək üçün ərizə göndərir, lakin bundan sonra heç bir addım atmırdı. Beləliklə, onlar üçün proses formal xarakter daşıyırdı. Ərizə daxil olduqda, Lisenziya Komissiyası mütləq şəkildə bu klub barədə qərar çıxarmalıdır və bu qərar da təbii ki, mənfi olurdu. I Divizionda çıxış etmək üçün lisenziya almağın mütləq şərt olacağını nəzərə alaraq, klublarımızı prosesə münasibətdə daha məsuliyyətli olmağa dəvət edirəm. Lisenziyalaşdırma qrupunun əsas məqsədi klublara lisenziya əldə etməkdə və ən yaxşı idman nəticələrini əldə etmiş klubların müvafiq yarışlarda iştirakında köməklik göstərməkdir. Artıq 20 mövsümdür ki, AFFA tərəfindən UEFA lisenziyasının tələbləri tətbiq olunur və bu sahədə ortaya hər hansı cavabsız suallar çıxmır. Premyer Liqa və Azərbaycan kubokunda ən yüksək nəticələr göstərmiş müvafiq klublar növbəti mövsümdə ölkəmizi UEFA-nın klub yarışlarında təmsil edəcəklər. Yeni qaydalarda digər mühüm yenilik ondan ibarətdir ki, UEFA-nın Qadınlar arasında Çempionlar Liqasında iştirak etmək üçün lisenziyalaşdırma prosesinə start veriləcək. Bu isə o deməkdir ki, Qızlar Yüksək Liqasının növbəti mövsümünün qalibi müvafiq lisenziyanı əldə etməklə, ilk dəfə olaraq ölkəmizi bu mötəbər yarışda təmsil etmək hüququ qazanacaq. I Divizion lisenziyasına gəlincə isə, bir neçə məqama xüsusilə toxunmaq istərdim: Premyer Liqa iştirakçıları mövsümün sonunda Premyer Liqa lisenziyasını əldə edə bilmədiyi təqdirdə, ən azı, I Divizionda çıxışını davam etdirmək üçün mütləq şəkildə müvafiq lisenziyanı əldə etməli olacaqdır. Növbəti mövsümdə I Divizionda çıxış edəcək klublar hətta Premyer Liqaya yüksəlmək iddiası olmadığı halda belə, I Divizion lisenziyasını əldə etməlidir. Əks halda, əldə etdiyi idman nəticəsindən asılı olmayaraq, növbəti – yəni 2024/25-ci illər mövsümündə həmin yarışda iştirak etmək hüququnu itirəcək. Son məqam isə yeni təşkil olunacaq II Divizion iştirakçılarına aiddir. Növbəti mövsümdə bu yarışın iştirakçıları I Divizionda çıxış etmək üçün müvafiq lisenziya əldə etməli olacaqlar. Lisenziyalaşdırma qrupu tərəfindən bütün klublar üçün ətraflı treninqlərin təşkil olunması nəzərdə tutulub və bu tədbirlər çərçivəsində klublara lisenziya almaq üçün yerinə yetirilməli olan meyarlar, onları yerinə yetirmək üçün nəzərdə tutulmuş son tarixlər barədə ətraflı məlumat veriləcək. Mövsüm ərzində lisenziya iddiaçısı olan klublarla daha sıx əlaqə quraraq sənədlərin hazırlanmasında maksimum dəstək və köməklik göstərəcəyik. Mövsümün sonunda müvafiq lisenziyanı əldə etmiş klublar arasında II Divizionda daha yaxşı idman nəticələrini əldə etmiş klub və ya klublar yarışın əsasnaməsinə uyğun olaraq, I Divizionda çıxış etmək hüququ əldə edəcəklər.

– Lisenziyalaşdırma prosesində iştirak etmək üçün hansı xüsusi tələblər mövcuddur?
– Bunun üçün klublar ilk növbədə AFFA və ya PFL tərəfindən təşkil olunmuş yarışlarda müəyyən müddət ərzində oynamalıdırlar. UEFA lisenziyası (kişilər üçün) – ən azı 3 mövsüm, UEFA lisenziyası (qadınlar) və Premyer Liqa lisenziyası – 2 mövsüm, I Divizion lisenziyası üçün müraciət edən klublar üçün isə 1 mövsüm yetərlidir. Yəni, II Divizionda çıxış edən klublar, birbaşa olaraq I Divizion lisenziyası üçün müraciət etmək hüququna malikdirlər.

– Sadaladığınız lisenziya növlərində iddiaçılar üçün digər nə kimi mühüm tələblər nəzərdə tutulub?
– Lisenziyalaşdırma tələbləri 6 kateqoriyalı meyarlardan ibarətdir. Bunlar idman, infrastruktur, futbolda sosial məsuliyyət, kadr-inzibati, hüquq və maliyyə meyarlarıdır. Hər bir meyar 3 dərəcədən birinə malikdir: “A” – yəni mütləq yerinə yetirilməli meyar, “B” – klub bu meyarları yerinə yetirmədiyi halda müxtəlif növ sanksiyalarla qarşılaşa bilər və “C” dərəcəli meyarlar. Sonuncu meyarlar “qabaqcıl təcrübə” statusu daşıyır və onların yerinə yetirilməsi klublardan cari mövsümdə tələb olunmur. Meyarların ümumi sayı 62-dir, lakin onların dərəcələri lisenziya növündən asılı olaraq fərqlənir. Məsələn, UEFA (kişilər) lisenziyası üçün “A” dərəcəli meyarların sayı 40, “B” dərəcəli meyarların sayı isə 22-dir. Amma I Divizion lisenziyası üçün tələblərin nisbətən aşağı olduğunu nəzərə alaraq, “A” dərəcəli meyarların sayı 26, “B” dərəcəli meyarların sayı 16, qalan 20 meyar isə sadəcə “C” dərəcəli, yəni tövsiyə xarakterlidir. Növbəti mövsümdən etibarən UEFA-nın tövsiyələrinə əsasən, daha bir dəyişiklik “B” dərəcəli meyaların yerinə yetirilməməsi ilə əlaqəli olacaq. Hər hansı lisenziya iddiaçısı ona qarşı tətbiq olunan maliyyə sanksiyalarına baxmayaraq, dəfələrlə və ardıcıl olaraq eyni “B” dərəcəli meyarın tələblərini yerinə yetirməkdən imtina etdikdə, Lisenziya Komissiyası tərəfindən fərdi qaydada həmin lisenziya iddiaçısı üçün növbəti mövsümdə sözügedən meyarın “A” dərəcəli meyar kimi qiymətləndirilməsilə bağlı qərar verilə bilər. Gələcəkdə bu meyarın yerinə yetirilməməsi isə müvafiq lisenziyanın verilməməsi və ya lisenziyanın geri çağırılması ilə nəticələnə bilər. Qısaca, bütün yeni lisenziya növləri (I Divizion, UEFA-nın Qadınlar Çempionlar Liqası və AFFA-nın Qızlar Yüksək Liqası) üçün ümumi tələblərə əsasən, lisenziya iddiaçısı olan hər bir klub müəyyən sayda uşaq-gənclər komandalarına malik olmalı və həmin komandalar AFFA tərəfindən təşkil olunan liqalarda çıxış etməlidir. Klub bütün oyunçularını minimal tələblərə cavab verən illik tibbi baxışdan keçirməli, eyni zamanda, AFFA-nın elektron bazasında qeydiyyatdan keçməli, müvafiq yarışın əsasnaməsində əks olunmuş tələblərə uyğun stadiona malik olmalı və ya icarə ilə bağlı müqavilə təqdim etməli, aydın şəkildə təsvir olunmuş təşkilati struktura sahib olmalıdır. Bu strukturda müəyyən ixtisaslı əməkdaşlar öz yerini tapmalıdır. Məsələn, rəhbər şəxs, həkim və s. və bu işçilərin klub ilə yazılı müqaviləsi olmalıdır. Klub nəzdində çalışan məşqçi heyəti üzvlərinin minimum tələb olunan məşqçilik lisenziyalarına malik olmasını təmin etməlidir. Hüquqi şəxs qismində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli və klubun təsisçiləri ilə əlaqədar bütün tələb olunan məlumatları Lisenziyalaşdırma Qrupuna təqdim etməlidir. Xüsusi bəyannamə formasını imzalamaqla, təsdiq etməlidir ki, o, FIFA, UEFA, Lozanna Arbitraj Məhkəməsi, həmçinin, AFFA və PFL-in nizamnamə, əsasnamə, qaydalar və qərarlarını qəbul edərək, onlara müvafiq şəkildə riayət edəcək. Sübut etməlidir ki, onun digər klublara, əməkdaşlara, sosial fondlara, vergi orqanlarına, UEFA-ya, AFFA-ya və PFL-ə heç bir vaxtı ötmüş borcu yoxdur və nəhayət, maliyyə balans hesabatı təqdim etməlidir. Qeyd etmək istərdim ki, bu hesabatın auditdən keçməsi tələbi yeni lisenziya növləri üzrə iddiaçılara qarşı qoyulmayıb.

– Yəqin ki, bu lisenziya növləri arasında müəyyən digər fərqlər də mövcuddur. Bu fərqlər barədə də məlumat verərdiniz. Klublar növbəti mövsüm üçün hazırlıq zamanı daha çox hansı məqamlara diqqət yetirməlidir?
– Premyer Liqa iştirakçıları ilə bağlı deyim ki, növbəti mövsümdə əvəzedici komandaların çempionatında iştirak “A” dərəcəli meyar, yəni mütləq tələb kimi qaydalarda təsdiq olunub. Yəni əvəzedicilərin yarışında çıxış etməyən lisenziya iddiaçısı lisenziya tələblərini yerinə yetirməmiş hesab olunacaq. Həmçinin, əsas hazırlıq uşaq-gənclər komandalarının təşkil olunmasına  yönləndirilməlidir. I Divizion və UEFA-nın Qadınlar arasında Çempionlar Liqasında iştirak etmək üçün müraciət edən klubların nəzdində artıq növbəti mövsümdə müəyyən sayda uşaq komandaları olmalıdır. Eyni zamanda, klublarda çalışan məşqçilərin də UEFA-nın məşqçilik üzrə müvafiq lisenziyalarına sahib olması vacib məqamlardandır. Üçüncü diqqət yetirilməli olan məqam isə komandaların hüquqi statusudur. Ədliyyə Nazirliyində qeydiyyat keçməmiş və nəticədə rəsmi hüquqi şəxs kimi qəbul olunmayan klublar prosesdə iştirak edə bilməz. Lisenziya növləri arasında müəyyən fərqləri də qeyd etməyə dəyər. I Divizion lisenziyası üçün müraciət edəcək klublar ən azı 1 uşaq komandasına mütləq malik olmalı və artıq cari mövsümdə bu komanda AFFA-nın müvafiq liqasında iştirak etməlidir. I Divizionda lisenziyalaşdırma prosesi ilk dəfə tətbiq olunduğu üçün qarşılarına yalnız 1 komanda tələbi qoyulmuşdur. Lakin növbəti mövsümlərdə bu meyarda tələb olunan komanda sayının tədricən artımı nəzərdə tutulub. Əgər I Divizion iştirakçısı Premyer Liqa lisenziya üçün müraciət etmək istəsə, onun cari mövsümdə 1 deyil, artıq 4 uşaq-gənclər komandası mövcud olmalı və onlardan ikisi AFFA-nın liqalarında çıxış etməlidir. Əsas komandanın baş məşqçisi UEFA-nın məşqçilik üzrə ən azı “B” lisenziyasına malik olmalı, nəzdində olan uşaq komandasının məşqçisi isə “C” lisenziyasına malik olmalıdır.
II Divizionda çıxış edən və I Divizion lisenziyası üçün müraciət edən klublara qarşı bir qədər “yumşaq” tələblər müəyyənləşdirilib. Onların ən azı 1 uşaq komandasının olması arzuolunandır, lakin “A” dərəcəli tələb deyil. Əsas komandanın baş məşqçisi UEFA-nın məşqçilik üzrə ən azı “B” lisenziyasına malik olmalıdır.
UEFA-nın Qadınlar arasında Çempionlar Liqası lisenziyasına gəldikdə, burada UEFA tərəfindən irəli sürülən tələblər nisbətən yüksəkdir. İddiaçının qızlardan ibarət ən azı 2 uşaq-gənclər komandası mütləq olmalı və artıq cari mövsümdə bu komandalar AFFA-nın müvafiq liqalarında iştirak etməlidir. Vacib məqam ondan ibarətdir ki, hər iki uşaq komandası əsas komandanın adı altında çıxış etməli və klubun təmsil etdiyi hüquqi şəxsin tərkibində olmalıdır. Növbəti mövsümdə həmin lisenziya üçün müraciət etmək istəyən klublar artıq indidən bu yöndə işlərini düzgün qurmalı və qeyd etdiyim 2 komandanın təşkil olunmasını təmin etməlidir. Əsas komandanın baş məşqçisi UEFA-nın məşqçilik üzrə ən azı “A” lisenziyasına, uşaq komandanın məşqçilərindən biri UEFA-nın məşqçilik üzrə ən azı “B”, digəri isə ən azı “C” lisenziyasına malik olmalıdır. Həmçinin, hər bir lisenziya iddiaçısının təsdiq olunmuş Gənclər futbolunun inkişafı proqramı olmalıdır. Vacib məqam ondan ibarətdir ki, bu lisenziya növünə müraciət edəcək Premyer Liqa klubları qızlar komandaları barədə məlumatlarını oğlan komandaları üçün artıq yazılmış proqramlarına əlavə etməklə meyarı yerinə yetirmiş hesab olunacaqlar. Ümumiyyətlə, Premyer Liqa klubları ayrıca UEFA lisenziyası (kişilər) üçün müraciət etdiyini nəzərə alaraq, deyə bilərik ki, onlar üçün bu proses nisbətən asan olacaq. Məsələn, maliyyə hesabatını da ümumiləşdirilmiş, yəni cəm şəkildə verməklə, meyarı hər iki lisenziya növü üçün (kişilər və qadınlar) yerinə yetirilmiş hesab oluna bilərlər. Nəhayət, AFFA-nın Qızlar Yüksək Liqası lisenziyası barədə onu deyə bilərəm ki, iddiaçının ən azı 1 uşaq komanasının olması arzuolunandır, lakin “A” dərəcəli tələb deyil. Əsas komandanın baş məşqçisi ən azı “C” lisenziyasına malik olmalıdır.

– Növbəti mövsümdə sənədlərin qəbul prosesi necə keçiriləcək?
– Hər il olduğu kimi, payızda klublarla lisenziyalaşdırma mövsümünün açılış iclasını təşkil edib, onlarla yeni qaydaları, sənədlərin təqdim olunması üçün son tarixləri və ötən mövsümə nisbətən qaydalarda baş vermiş dəyişiklikləri müzakirə edəcəyik. Açılış iclaslarının hər bir yarışın iştirakçıları üçün ayrı-ayrılıqda keçirilməsi planlaşdırılır. Sonradan klublar üçün ümumi və ya fərdi şəkildə treninqlər təşkil edərək klublara sənədləri toplamaqla bağlı tövsiyələrimizi verəcəyik. Növbəti mövsümdən etibarən sənədlərin təqdim olunma prosesi 3 dövrdən ibarət olaraq və son tarixlər hər bir lisenziya növü üzrə fərqlənəcək. UEFA lisenziyası üçün müraciət edən klublar sənədləri nisbətən tez verəcək, digər iddiaçılar isə daha çox vaxta malik olacaqlar. “Yaşıl dövr” və “Sarı dövr” – ilkin və son baxış üçün sənədlərin təqdim olunması dövrləri. Bu dövrlərdə ekspertlərimiz təqdim olunmuş sənədlərə ilkin baxış keçirərək, klublara sənədlərdə aşkar olunmuş çatışmazlıqlar barədə rəylərini bildirəcək. “Sarı dövr” isə klublar tərəfindən çatışmazlıqları aradan qaldırıb, sənədlərin son baxışa təqdim olunması üçün nəzərdə tutulub. Bundan sonra tələb olunarsa, yerlərdə baxışlar təşkil olunacaq. “Qırmızı dövr” – klub “sarı dövr” ərzində sənədləri təqdim etmədiyi halda, klubun rəhbərliyi tərəfindən imzalanmış bəyannaməni Lisenziyalaşdırma qrupuna göndərilməli olacaq. Həmin bəyannamədə klub müvafiq meyar üzrə son tarixi pozduğunu və bu səbəbdən Lisenziya Komissiyası tərəfindən maddi sanksiyaya məruz qalacığını anladığını təsdiq edir və “qırmızı dövr”də prosesdə iştirak etmək üçün müraciət edir. Bu dövrün bitməsi ilə bərabər, həm də sənədlərin qəbuletmə prosesi yekunlaşmış hesab olunur. Bütün bu proseslər yekunlaşdıqdan sonra Lisenziyalaşdırma Qrupunun ekspertləri tərəfindən hazırlanmış detallı hesabatlar və lisenziya iddiaçıları tərəfindən təqdim olunmuş sənədlər AFFA-nın Lisenziya Komissiyasına veriləcək və həmin Komissiya müvafiq qərarlar qəbul edəcək.

Shares: