“Neftçi”dən ayrılaraq ölkəsi Rumıniyada “Universitatya Krayova” klubuna baş məşqçi təyin olunan Laurentsiu Regekampfın bu gün təqdimat mərasimi olub.
Futbolinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Azərbaycan klubundan ayrılmasının səbəbini açıqlayıb.
O, “ağ-qaralar”ın baş məşqçi postuna Adrian Mutunun təyin olunmasına da münasibət bildirib: “Neftçi ilə müzakirə apardım, işlər müsbət istiqamətdə getmədi. Nəticədə ikitərəfli razılıqla ayrılmaq qərarına gəldik. Bundan sonra orada baş verənlərlə maraqlanmadım. Adrian Mutuya görə sevinirəm. Ümid edirəm ki, yaxşı nəticələri olacaq. Onun avrokuboklarda çıxış etmək şansı var, bunu mən etdim”.
Qeyd edək ki, Laurentsiu Regekampf ötən mövsüm “Neftçi”ni çalışdırıb. Komanda onun rəhbərliyi altında Premyer Liqada 3-cü yeri tutub.