Azərbaycan Gənclər və İdman Nazirliyi ilə AFFA arasında ciddi problem yaranıb. Azərbaycanda doğulmayan futbolçulara vətəndaşlıq pasportunun verilməsinə (daha doğrusu, müvafiq orqanların belə sənəd verməsi üçün müraciət edilməsinə, müsbət rəy verilməsinə) qadağa qoyulub və bu, bir sıra problemlərə səbəb olub.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, hazırda milli komandalarımızda oynamış 10-dan çox futbolçu bu səbəbdən vaxtı bitən sənədlərini yeniləyə bilmir. AGİN inadından dönməsə, hətta Renat Dadaşovu da bir daha yığmamızın heyətində görə bilməyəcəyik.
Əslində, milliləşdirmə lə bağlı məsələlərdə sərt qadağalar çoxdan lazım idi. Belə ki, illərlə yığma komandalarımıza nəsli-kökü bəlli olmayan, Azərbaycana bağlılığı olmayan 100-dən çox əcnəbi dəvət edilib. 1-2 oyunluq dəvət alan dağıstanlılar, Almaniya türkləri və s. millətlərin nümayəndələri kifayət qədərdir. Say düzəltmək üçün seçilən belələrinin üzündən yerli gənclər kölgədə qalıb, ümumiyyətlə yeni nəslin yetişdirilməməsi belə “əməliyyatlar”la pərdələnib.
AGİN-in əvvəlki rəhbərliyi ilə AFFA-nın əməkdaşlığı nəticəsində nigeriyalı Usim Nduka, braziliyalı Andre Ladaqa, Leandro Qomeş, Ernani Pereyra, fars Əli Qurbani, Höccət Haqverdi, rus Aleksey İsayev, Yuri Muzka və daha neçə-neçə əcnəbi qanunsuz milliləşdirilib. Aşağı yaş qrupundan olan millilərin düşərgəsində isə belələrinin sayı faciəvi həddə çatıb. Azərbaycanda ikili vətəndaşlığın olmamasını nəzərə alsaq, şəxsiyyət vəsiqəsi olmadan vətəndaşlıq pasportunun idmançılara paylanması özü cinayətdir. Və illərdir bu tendensya davam edib.
İndi nazirlik hamı üçün qırmızı işıq yandırıb, heç bir milliləşdrmə faktına imkan vermir. Alqışlanası addımdır. Bununla belə, bəzi istisnalar vacibdir ki, “qaza gələn” nazirlik fərqli addım atır. Belə ki, hazırda milli komandalarda oynayan bəzi oyunçulara da eyni qayda tətbiq olunur. Halbuki bu, həmin oyunçuların karyerası ilə oynamaq deməkdir.
Məsələn, Dadaşovun vaxtı bitmiş pasportu yenilənmir. Halbuki İsveçrə “Qrasshopers”ində oynayan hücumçunun bundan sonra başqa millini seçmək imkanı yoxdur, qərar verilib və o, Azərbaycan millisində oynayır. Və ən əsası, o, Sergey Sokolov, Leandro Qomeş, Usim Nduka, Əli Qurbani kimi yadlardan deyil, əsl azərbaycanlı balasıdır. Xaricdə doğulmaq günah deyil və qürbətçilərin milli komandalara dəvət edilməsi bütün dünyada var. Nazirlik azərbaycanlı olmayanlarla bağlı siyasətində haqlıdır, amma söy-kökü bəlli olan idmançılarla bağlı belə qərar verilməməlidir.
Ona qalsa, Eddi İsrafilov, Emin Mahmudov, Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov və başqa milliləşənlərin də vətəndaşlıq pasportu ləğv edilməli, yenilənməməlidir. Onlar da Azərbaycanda doğulmayıblar.
AGİN-lə AFFA arasında hazırkı gərginliyin əsas səbəbi Renat Dadaşov və Murad Vəliyevlə bağlıdır. Dadaşovla bağlı yuxarıda bəhs etmişik, Vəliyevə də oxşar əngəl yaradılır, ona Azərbaycan vətəndaşlığı pasportu vermir. Qurum bunu futbolçunun ölkəmizdə doğulmaması ilə izah edir.
Uzun müddətdir 21 yaşlılardan ibarət yığmamıza çağırılan, iyunun 20-də “Dalğa Arena”da keçirilən oyunda (1:1) Qırğızıstan U-21-nin qapısına gözəl qol vuran futbolçunun rəsmi matçlara dəvət almaması məhz naziriyin qadağasına görədir. AGİN Estoniyada yaşayan futbolçunu azərbaycanlı saymır. Halbuki anqolalı Eddi İsrafilovdan, braziliyalı Ernani Pereyradan, dağıstanlı Şahruddin Məhəmmədəliyevdən, xorvat Filip Ozobiçdən, braziliyalı Riçard Almeydadan fərqli olaraq Murad təmiz azərbaycanlı balasıdır, atası da, anası da doğma Zəngilandandır.
Estoniyada yetişən, vaxtilə Almaniyada da futbolun sirlərini öyrənən Vəliyev hazırda “Levadiya”da oynayır, çox perspektivlidir. Azərbaycana bağlılığı olmayanların araşdırılması aydındır, amma belə oyunçuları itirmək cinayətdir. Qadağalarda da müəyyən istisnalar olmalıdır.
Bildiyimizə görə, bu ideyanın təşəbbüskarı və əsas icraçısı nazir müavini Mariana Vasilyevadır. Xanım məmurun Azərbaycanı Elxan Məmmədov, Riad Rəfiyev kimilərdən daha çox düşünməsi müsbət məqamdır. O, həqiqətən idmanda müəyyən nizam yaratmaq üçün çalışır. Lakin Vasilyeva və ətrafındakı məmurlar vətənpərvərlik görüntüsünün “doza”sını bir az artıq ediblər.
Belə ki, əvvəllər millilərimizdə oynayan, hazırda sənədi yenilənməyən futbolçulara qəti “yox” cavabı verilib. Pasport almasına qanunun imkan verdiyi şəxslərlə bağlı isə tələb qoyulub. Belə ki, bu oyunçular Azərbaycan dilindən mini-imtahan verməli, dövlət atributlarıyla bağlı sorğu-suala çəkilməlidir. Əla! Amma gəlişigözəl hərəkətlərlə olmaz, qayda hamıya şamil edilməlidir – ilk növbədə Bolqarıstan vətəndaşı ola-ola idman nazirinin müavini kimi çalışan Vasilyevaya, Kazbek Tuayevin əvəzinə məktəb direktoru təyin edilən həyat yoldaşına, millimizdə olan övladına. Yaxınlarda Avropada uğur qazanan 16 yaşlılardan ibarət qadın basketbol yığması başdan-ayağa əcnəbilərdən ibarətdirsə və onlara qurumların rəhbərləri arasındakı dostluq münasibətlərinə görə güzəşt edilibsə, niyyət üzə çıxır. Demək məqsəd bütün idman növlərində milliləşdirmənin qarşısını almaq, Azərbaycanda yetişənlərə qapı açmaq deyil, əsas hədəf hakimiyyətin ələ alınması olan futbol təsərrüfatına süni əngəl yaratmaqdır.
Niyyətinizi kənara qoyun, qanunları hamı üçün şah edin, alqışlayaq. Nazirliyi rus dilində idarə edib zəngilanlı balasını Estoniyada doğulmasına görə yad hesab etmək olmaz. Dünyaca məşhur atlet Ramil Quliyevi Azərbaycandan didərgin salanlar da həmin nazirlik binasında əyləşənlər idi…
FƏRİD