Azərbaycanın 3 klubu avrokuboklarda II təsnifat mərhələsindədir. “Qarabağ” Avropa Liqasında Finlandya HİK-nə rəqib olubsa, Konfrans Liqasında hər iki komandamızın qismətinə “ağ-qaralar” düşüb. Belə ki, “Sabah” Serbiya “Partizan”ını, “Neftçi” özü ilə həmrəng olan Türkiyə “Beşiktaş”ını yolundan təmizləyərək pley-offa vəsiqə qazanmağa çalışacaq.

Dünən Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyunları reallaşdı və iki qələbə qazanan klublarımız ölkənin reytinqinə önəmli xallar əlavə etdi. “Sabah” bunu hər iki oyunda bacardısa, “Neftçi” səfərdəki heç-heçənin davamını yaxşı gətirdi.

“Sabah”ın parlaq debütü xüsusi qeyd edilməlidir. Bununla belə, Murad Musayevin yetirmələrinin böyük qələbələrə hazır olmadığı da vurğulanmalıdır. Komandanın oyununda həyəcan aşkar hiss olunurdu və az qala bu, uğursuzluqla nəticələnəcəkdi. “Bayquşlar”ın qələbəsinə kölgə salmadan qeyd edək ki, Latviyada bəxt komandaya kömək etdisə, dünən də RFŞ-in azlıqda qalması faydalı oldu. Təhlükəli rəqib hətta 10 nəfərlə qalarkən hesabı açmağa nail oldu. Nə yaxşı ki, Musayev oyunu əla analiz edib əvəzetmələrlə vəziyyəti dəyişdi, əks-hücumlardan maksimumu aldı.

“Partizan”la oyunlar çətin keçəcək, lakin “Sabah” minimum vəzifəni yerinə yetirib. Serbiya təmsilçiləri ilə görüşdə komandanın üzərində təzyiq olmayacaq. Təmsilçimiz oyun keyfiyyətin bir qədər artırsa, yeni transferlərin adaptaiyası başa çatsa, belqradlılara sürpriz etmək olar.

“Neftçi”nin çıxışına qiymət vermək üçün çox tezdir. Düzdür, Adrian Mutunun gəlişindən sonra komanda keçirdiyi iki rəsmi oyunda uduzmayıb. Lakin “Jelezniçar”la oyunlar etalon ola bilməz. Paytaxt klubunun oyununda keyfiyyəti görmək üçün bir qədər gözləməliyik. “Neftçi” indi daha çox motivasiya hesabına futbol oynayır. Təyinatların yubanmasını, transferlərin başa çatmamasını, komandanın normal hazırlığa gec başladığını nəzərə alsaq, hələ flaqman barədə əminliklə danışa bilməyəcəyik.

“Neftçi” adına ən müsbət məqam azarkeşlərin tribunaara qayıtmasıdır. Rəhbərlikdəki dəyişikliklərdən sonra fanatlarda ümid yaranıb. Məhz tərəfdarları ilə birlikdə olarkən “Neftçi” daha güclü olur. Bu bağı daha da gücləndirmək mümkün olsa, azarkeşlər qarşıdakı matçlarda əsl 12-ci oyunçu olacaqlar. Bu isə qələbələrə gedən yolu rahatlaşdıracaq.

363336290 319491007095773 8502970609033179218 n - Futbolinfo.az

“Beşiktaş”la duellər çətin keçəcək. Lakin azarkeşlərin könlünü qazanmaq üçün Türkiyə nəhəngi ilə matçlar həm də fürsətdir.

Ölkə reytinqinə kiçik töhfə verməyi bacarmayan “Qəbələ”yə gəlincə, “Omoniya” hər nə qədər digərlərndən güclü görünsə də, uğurlu nəticə üçün oynamaq olardı. Sadəcə bölgə klubunun rəhbərliyinin yarıtmaz idarəçiliyi üzündən bu, mümkün olmadı. Heyətin ciddi şəkildə yenilənməsi faciəvi sonluğa səbəb oldu.

“Qəbələ” sanki bütün mövsümü məhz buna hesablamışdı. İl ərzində 5-6 milyon manat ona görə xərcləndi ki, yekunda avrokubokda iştiraka görə 200-300 min manat qazanılsın. Hədəfi, məqsədi olmayan belə komandaların avrokuboklara çıxması belə ayıbdır. Klubu rəhbərliyinin idarəçiliyi səriştəsizlərə həvalə etməsi acı nəticəsini verməli idi. Və nə yazıq ki, “Qəbələ” təkcə bir oyunçudan iki matça 5 qol “yedi”.

Avrokuboklar mövsümü davam edir. “Qarabağ”ın qrupa yüksəlmək ehtimlı böyükdür. “Sabah”la “Neftçi”nin isə hətta pley-offa düşmək şansı azdır. Bununla belə, cəhd etməyə dəyər. Bəlkə də növbəti rəqiblər “Partizan”la “Beşiktaş”dan daha asan olacaq. Lakin bunun üçün öncə sürprizə imza atmaq lazımdır.

AĞA

Shares: