Keçmiş MBA oyunçusu Terrens Vilyams 5 milyon dollarlıq oğurluq etdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə məlumatı “Nyu-York Post”  yayıb. Basketbolçunun özü də günahını etiraf edib.

Futbolinfo.az xəbər verir ki, Terrens Milli Basketbol Assosiasiyasının oyunçularının tibbi sığortası və sosial təminat proqramlarından istifadə edilən xüsusi bir sxem hazırlamışdı. Vilyams və digər 17 keçmiş MBA oyunçusu faktiki olaraq onlara edilməyən tibbi xidmətlərin xərclərinin ödənilməsi üçün saxta ərizələr təqdim etmişdilər.

İstintaqın araşdırmasından sonra, keçmiş basketbolçuların dələduzluq yolu ilə təxminən 5 milyon dollar qazandıqları müəyyən edilib. Onların arasında Toni Allen, Şennon Braun, Qlen Devis kimi tanınmış basketbolçular da var.

Qeyd edək ki, Vilyams MBA-da “Boston Seltiks”in şərəfini qoruduqdan sonra Türkiyənin “Türk Telekom” komandasında çıxış edib.

Shares: