İsveçrə Olimpiya Komitəsi 2030-cu illərdə Qış Olimpiya oyunlarını keçirmək variantını müzakirə edir. Bu barədə qurumun mətbuat xidməti məlumat verib.
Məlumata görə, İsveçrə oyunları müxtəlif şəhərlərdə keçirməyi planlaşdırır. Ölkə 2030, 2034 və 2038 Olimpiadasının birini qəbul etməkdə qərarlıdır. Şərtlər və variantlarla bağlı müzakirələr bu ilin sonuna qədər yekunlaşmalıdır. Eyni zamanda ölkə əhalisi arasında sorğu da keçiriləcək. Əhali bu işə normal yanaşacağı halda komitə ərizəsini BOK-a göndərəcək.
Xatırladaq ki, 2030-cu il Olmipiadasının ev sahibi gələn yay Parisdə, BOK-un 142-ci sessiyasında seçiləcək. Yarışların keçirilməsinə Kanadanın Vankuver və Vistler şəhərləri namizəd idi. Lakin sonradan onlar bu fikirdən daşındı. Hazırda namizədlər arasında ABŞ-nin Solt-Leyk-Siti , Yaponiyanın Sapporo və İsveçin Stokholm şəhərləri var.
Əlavə edək ki, 2026-cı il Qış Olimpiya oyunları İtaliyada baş tutacaq.