“Neftçi” və “Pendikspor”a qarşı doğma meydanda iki matçımız olacaq. Daha həvəsli və sürətli oyun gözləyirəm”. Bunu Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəş “Fatih Karagümrük”ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Super Liqanın ilk turunun qarşılaşmasından sonra mətbuat konfransında deyib.
72 yaşlı mütəxəssis görüşün ilk hissəsində sərgilədikləri oyun üçün azarkeşlərdən üzr istəyib: “Bura qələbə qazanmaq üçün gəlmişdik. Bütün futbolçuların da eyni fikirdə olduğunu düşünürəm. Amma istəklərimiz meydanda tam əks olunmadı”.
Təcrübəli məşqçi zədəli olan Raşid Gezzalın durumu haqqında da danışıb: “O, getdikcə yaxşılaşır və hazırda fərdi məşqlərə başlayıb”.
Qeyd edək ki, “Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında Bakıda “Beşiktaş”a yenilib – 1:3. Cavab qarşılaşması avqustun 17-də gerçəkləşəcək.