Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid İmamverdiyevin çıxış etdiyi Türkiyə PTT 1-ci liqa təmsilçisi “Elazğıspor” klubunun prezidenti Səlçuk Öztürk mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, klub rəhbəri konfransda digər "Anadolu komandaları"na verilən maliyyə dəstəyinin “Elazığspor”a verilməyəcəyi təqdirdə baş məşqçi Ümit Özat ilə birlikdə istefa verəcəklərini bildirdi:
"Digər "Anadolu klubları"mıza, şəhərlərimizə verilən dəstəklər bizə də verilsə, “Elazğıspor”un bütün borclarını bitirərdik. Bundan sonra birlik bərabərlik içində bunu etmək, borcları bağlayıb, komandamızı daha sağlam təməllər üzərində möhkəmlətmək istəyirik. Bizə lazımı maliyyə dəstəyi verilsin. Növbəti mövsüm “Elazığspor”u baş məşqçimiz Ümit Özatla birlikdə ən pis şərtlərdə pley-off-a çıxara bilməsək, ikimiz də istefa verərək, bu işdən əl çəkərik”.
Komandadan göndərilən köməkçi məşçilərlə bağlı suala isə Öztürk belə cavab verib: “Texniki heyətdəki məşqçi çoxluğuna görə bu qərarı verdik. Komandanın aşağı yaş qruplarını da düşündüyümüz üçün bir neçə çalışdırıcını oraya göndərdik”.
Qeyd edək ki, “Elazığspor” 20 turdan sonra 24 xalla 13-cü yerdə qərarlaşıb.