17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edən ukraynalı Anton Krivotsyukun birdən-birə əsas komandaya cəlb olunması istər-istəməz təəccüb doğurur. Belə bir məqamda iki sual ətrafında düşünməmək həqiqətən də çox çətindi: Antonun ya super istedad olmasına inanmalıyıq, ya da ukraynalının “day-day”ısı AFFA-nın baş katibi Elxan Məmmədov olduğu üçün Krivotsyukun əsas yığmaya cəlb olunmasında qeyri-adi heç nə axtarmalı deyilik.
Millimizin baş məşqçisi Robert Prosineçki demək olar ki, Topaz Premyer Liqasının bütün oyunlarını canlı izləyib. Stadionlara üz tutub, futbolçularla bağlı qeydlər aparıb. Maraqlıdı, Prosineçki Anton Krivotsyuku hansı rəqabətli oyunda bəyənib? U-17-nin “Kunduspor”la Antalyada keçirdiyi qarşılaşmada? Görəsən, xorvat mütəxəssis onun klubsuz olmasından xəbərdardımı?
Elitada top qovan onlarla gənc futbolçular qala-qala, Prosineçki çıxış yolunu ukraynalıda axtarırsa, deməli, onun obyektiv seçim etməsinə şübhə ilə yanaşmaq lazımdı. Xorvatiyalı bəlkə də onu ölkəmizə gətirən Elxan Məmmədovun xətrinə dəyə bilməyib.
Əldə etdiyimiz məlumata görə, Anton Krivotsyukun milliyə cəlb olunmasında baş katibin müstəsna rolu var. Antonun baş katibin əli ilə yığmaya çağırılan ilk futbolçu olmadığını nəzərə alsaq, bu çox inandırıcıdı. Bizə verilən məlumata görə, Elxan bəy futbolçuya “çörək ağacı” kimi baxır. O, müdafiəçinin klubsuz günlərinin tez bir zamanda başa çatması üçün əlindən gələni edəcək. Krivotsyuk xidmətindən iddialı klublarımızdan kimsə maraqlı olmasa, baş katib ukraynalı futbolçunu “Sumqayıt”da çıxış etməsinə gösətəriş verəcək. Krivotsyuk gələcəkdə üzə çıxan futbolçulardan olsa, Məmmədov da bu işdən öz payını götürmüş olacaq.