Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” ilk oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Türkiyə çempionu “İstanbul Şişli” ilə qarşılaşan təmsilçimiz hesabı 4-cü dəqiqədə açıb.
Katataunun zərbəsi qarşısıalınmaz olub. Ardınca Xətai Bağırov topu “9-luq”a sancıb. Heyətə yeni cəlb olunan serb futzalçı Lazar Milosavljeviç də adını tabloya yazdırmağı bacarıb. Komandalar fasiləyə bu hesabla yollanıb. İkinci hissəyə də təmsilçimiz aqressiv başlayıb. Amadeu ardıcıl qollar vurmaqla fərqi 5 topa çatdırıb. İsa Atayevin aşırma zərbəsi isə zalda əyləşənlərin üzünü güldürdü. Bir sözlə, ikinci hissədə məhsuldarlığı artıran “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.
Komandamız növbəti oyununu sabah, Bakı vaxtı ilə saat 15:00-da Almaniya çempionu “Yan Regensburq”a qarşı keçirəcək.
“Araz-Naxçıvan” – “İstanbul Şişli” 9:1
Qollar: Katatau, 3:25. Xətai Bağırov, 5:53. Lazar Milosavlyeviç, 15:49. Amadeu, 21:35; 22:49; 30:05. İsa Atayev, 27:29; 33:05. Erik Dannilo, 35:52 – Sadettin Çamcı, 39:10.
Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro).
Salaspils. Salaspils İdman Arenası. Saat 15:00