Sloveniyanın “Olimpiya” komandasının baş məşqçisi Joao Enrikes “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis sıx qrafikdə çıxış etdikləri üçün futbolçularda yorğunluq olduğunu etiraf edib:

“Avropa Liqasında qrupa vəsiqənin son mərhələsində olmağımızdan məmnunuq. Futbolçular həyəcanlı və yeni çağırışa hazırdırlar. Artıq avrokuboklara öyrəşmişik, əvvəlki görüşlərlə müqayisədə daha yaxşı hazırlaşırıq. Xeyrimizə olmayan yeganə məqam yorğunluq və ardıcıl çox oyun keçirməyimizdir. Amma bu, daxili çempionatda və Avropa arenasında çıxış edən komandanın keçməli olduğu yoldur. Son çempionat görüşündən bəri daha yaxşı vəziyyətdəyik. Demək olar ki, bütün kollektiv hazırdır. Futbolçular “Qalatasaray”a qarşı matçdakından daha yaxşıdırlar”.

50 yaşlı məşqçi “Qarabağ” barədə müsbət fikirlər səsləndisə də, turnirdə yollarına davam etmək şanslarının az olmadığını düşünür: “Qarabağ”a baxanda çox yaxşı komanda görürəm. Onlar həm kollektiv, həm də fərdi şəkildə güclüdürlər. Lakin “Qalatasaray”a qarşı matçla müqayisədə şanslarımız artıb. Üstəlik, evdə çıxış edəcəyik. Əlbəttə, avrokubokların qrup mərhələlərində oynamaq təcrübəsinə malik komanda ilə qarşılaşacağıq. Ancaq qrupa vəsiqə qazanmaq şansımız “Qalatasaray” ilə dueldə olduğundan çoxdur”.

Joao Enrike Azərbaycan çempionunun futbolçularını yaxşı tanıdığını vurğulayıb: “Qarabağ” favoritdir, büdcə baxımından onlarla müqayisə oluna bilmərik. Məncə, “Qarabağ” keyfiyyət baxımından “Ludoqorets”lə “Qalatasaray”ın arasındadır. Kollektiv şəkildə “Ludoqorets”dən güclüdürlər, lakin fərdi olaraq təxminən eyni səviyyədədirlər. Bəzi futbolçularını vaxtilə Portuqaliyada oynadıqları üçün tanıyıram. Düşünürəm ki, bizə çox təzyiq göstərəcəklər. Bu, güclü tərəflərindən biridir. “Qarabağ”ın müdafiə xətti də yüksək səviyyədə qurulub”.

Sabah “Stojitse” stadionunda keçiriləcək “Olimpiya” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Shares: