“Neftçi”nin hücumçusu Andre Şinyaşikinin gözündə problem var imiş. Bu fakt dünən “Qəbələ” ilə oyun zamanı aşkara çıxdı.

Futbolinfo az xəbər verir ki, braziliyalı hələ matçın ilk dəqiqələrində qonaqların müdafiəçisi Lukas Afriko ilə mübarizə zamanı yerdə qaldı. Sonradan bəlli oldu ki, kürəyindən zərbə alan hücumçunun gözündəki linza qazona düşüb. Meydanda bir neçə dəqiqə bu şəkildə mübarizə aparan Andre görmə ilə bağlı əziyyət çəkdiyindən ehtyat oyunçular skamyasına yaxınlaşdı.

Komandanın tərcüməçisinə bir neçə dəfə göstəriş verən Şinyaşiki nəhayət, onu başa sala, paltardəyişmə otağına yeni linzasını gətirmək üçün göndərə bildi. Elə oyunun gedişindəcə yeni linzasını gözünə taxan hücumçu mübarizəyə davam etdi.

Əslində, bu kimi problemlər futbolçularda olur, onların yaxını və ya uzağı görməklə bağlı problemi yaranır. Eynəklə oyunlara çıxan Edqar Davidsi və başqalarını yaxşı xatırlayırıq. İndi texnologiya inkişaf edib və belə problemi olan futbolçuların dadına linzalar çatır. Əksəriyyət bunu gizlətməyi bacarsa da, Andre dünən çarəsizlikdən özünü ifşa etdi.

Shares: