Aşağı liqalarda yeni mövsümün startına az qalsa da, bir çox klublarımız heyətin formalaşdırılması baxımından çətinliklə üzləşib. Xüsusilə yeni yaradılan II Liqada mübarizə aparacaq komandalar futbolçu tapmaqda problem yaşayır.

Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqası xüsusilə II Liqa klublarına kifayət qədər güzəşt edib, oyunçu seçimi ilə bağlı qadağa qoymayıb. Lakin elə ciddi oyunçu qıtlığı var ki, hətta start “11-liy”ini formalaşdıracaq sayda futbolçu tapılmır.

Ümumiyyətlə, 4 liqada (Premyer Liqa, əvəzedicilər, I və II) 44 klub var və onlara orta hesabla 800-900 futbolçu bəs etməlidir. Legionerləri də saysaq, ehtiyac həddi daha aşağı düşür. Gəl ki, 10 milyon əhalisi olan ölkədə bu qədər ayağı top tutan tapmaq olmur. Çünki illər boşa verilib, peşəkar səviyyədə çıxış edə biləcək kifayət qədər kadr yetişdirilməyib. Saysız uşaq məktəbləri, akademiyalar, UGİM-lər və s. 44 komandanı təmin edəcək qədər futbolçunu ortaya çıxarmayıb.

AFFA-nın vitse-prezidenti Elxan Məmmədov futbolda hakimi-mütləq olduğu zamanlarda 2-3 aydan bir statistika açıqlayardı. Onun sonuncu siyahısına görə Azərbaycanda futbolla peşəkar şəkildə məşğul olan 200 min nəfər qeydiyyatdan keçmişdi.

Hələ o zaman bu siyahının saxta olduğunu vurğulayırdıq. Çünki bu qədər oyunçunun olduğu ölkədə milli komandalar başdan-ayağa milliləşənlərlə, ölkədən kənarda yetişən həmvətənlərimizlə doldurulmamalıydı.

Zaman yetişib, Elxan Məmmədovun yaratdığı imperiyanın xarabalıqları ürək ağrıdır. Ölkədə 800-900 nəfər futbolçu tapılmır. Premyer Liqada komanda sayının artırılmasını tələb edənlər də yəqin ki, bu mənzərənin şahididir. Böyük pullar xərcləyib əcnəbiləri klublara doldurmaqla deyil, Azərbaycanda ciddi futbolçu qıtlığı var. Elxan Məmmədovun iddia etdiyindən 0,5 faizini də ortalıqda görmürük.

AĞA

Shares: