“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən İlin Oyunçusu seçilib. İlin Gənc Oyunçusu mükafatı isə “Arsenal”ın cinah oyunçusu Bukayo Sakaya verilib.
Futbolinfo.az xəbər verir ki, Haland ötən mövsüm bütün yarışlarda “Mançester Siti”nin heyətində 52, o cümlədən Premyer Liqada 36 qol vurub. Erlinq komandası yerli çempionatı, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb.
23 yaşlı norveçli mükafat uğrunda mübarizədə komanda yoldaşları – Kevin de Bruyne və Con Stounzdan, həmçinin “Arsenal”dakı Bukayo Saka, Martin Edeqor və “Tottenhem”in keçmiş hücumçusu Harri Keyndən üstün olub.
İlin Gənc Oyunçusu isə əvvəllər bu mükafata üç dəfə namizəd olmuş Saka olub. 15 qol və 11 məhsuldar ötürmə 21 yaşlı ingilisə komanda yoldaşı Qabriel Martinelli, eləcə də Haland, “Aston Villa”dan Ceykob Remsi, “Brayton”dan Evan Ferqyuson və “Brayton”dan “Çelsi”yə yenicə transfer olunmuş Moyses Kaysedonu qabaqlayaraq səsvermənin qalibi olmağa kömək olub.
Qeyd edək ki, bu, PFA-nın 50-ci mükafatlandırma mərasimi olub.