“Sumqayıt”ın estoniyalı futbolçusu Erik Sorqa futbolinfo.az saytına müsahibə verib. O, “Araz-Naxçıvan”la heç-heçə (1:1) bitən son matç barədə danışıb, eləcə də çempionat barədə fikirlərini bölüşüb.

– İlk yarı bizim üçün çox yaxşı oldu. Təəssüf ki, birinci hissədə əldə etdiyimiz şansların hamısından yararlanıb qollar vura bilmədik. Bütün şansları qola çevirsəydik, ikinci yarıda oynamaq daha asan olardı. Lakin matçın sonlarına doğru bizim üçün pis keçdi. Bu, təkcə “Araz-Naxçıvan”la oyuna aid deyil. Digər matçlarda da ikinci hissələrdə çətinlik çəkmişik. Biz bunu inkişaf etdirməli və növbəti matçlarda fiziki cəhətdən daha yaxşı olmalıyıq.

– “Sumqayıt” çempionata yaxşı başladı. Lakin debütantla matçda qalib gələ bilmədiniz. Bu 2 xalı böyük itki sayırsız?

– Biz hələ yeni-yeni komandamızı qurururuq. Buna görə də davam etməliyik. Hamı eyni səviyyəyə gələndə nə edə biləcəyimiz tam görünəcək.

– Ötən mövsüm komanda liqada qalmaq mübarizəsi aparırdı, amma bu dəfə deyəsən, daha iddialı olacaqsınız?

– Mənim və komandamın hədəfi növbəti mövsüm avrokuboklarda olmaqdır. Sadəcə, komandaya kömək üçün əlimdən gələni edirəm. Düşünürəm ki, biz oyunumuzla və keyfiyyətimizlə bunu haqq edəcəyik.

– Azərbaycan çempionatı ilə bağlı hansı fikirlər yaranıb?

– İndi liqa haqqında çox şey deyə bilmərəm, çünki burada yeniyəm. Mövsüm bitdikdən sonra eyni sualı mənə versəniz, cavab verəcəm. Hər halda, oynamaq üçün yaxşı liqa olduğunu düşünürəm.

– Növbəti oyun “Neftçi”yə qarşı olacaq. Rəqibiniz liqada yalnız bir qələbə qazanıb. Onları məğlub edə biləcəksizmi?

– “Neftçi” ilk növbədə bütün diqqətini Konfrans Liqasına yönəltmişdi. Bu, onların liqada yalnız 1 qələbə qazanmasının səbəbidir. İndi onlar liqaya daha çox diqqət yetirəcəklər, ona görə də bizim üçün çətin oyun olacaq. Çempionat başlayandan keçirəcəyimiz ən çətin oyunun məhz bu matç olacağını deyərdim. Evdə qalibiyyət axtarışında olacağıq.

FƏRİD

Shares: