Almaniyalı tennisçi Aleksandr Zverev “US Open”in ilk turunda avstraliyalı Aleksandr Vukiçlə oyundan sonra marixuana qoxusundan şikayətlənib.
“17 nömrəli kort Snup Doqun qonaq otağına bənzəyir. Qoxu sanki hər yerdədir! Bütün meydançadan ot iyi gəlir”, – deyə Zverev bildirib.
Bundan əvvəl digər oyunçular da marixuana qoxusundan şikayət etmişdilər, xüsusilə də yunan tennisçi Mariya Sakkari və çex Marketa Vondrousova iyin onlara mane olduğunu bildirmişdilər. Turnirin təşkilatçıları tərəfindən qoxunun mənbəyini müəyyən etmək üçün yoxlama aparılsa da, tribunalarda heç nə tapılmayıb. Qoxunun tennis mərkəzinin yerləşdiyi parkdan gəldiyi ehtimalı var.
Əlavə edək ki, Zverev Vukiçə 6:4, 6:4, 6:4 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Qarşıdakı oyunda onun rəqibi həmyerlisi Daniel Altmayer olacaq.