Peşəkar Futbol Liqası təftişi davam etdirir. I və II Liqa komandalarının yeni mövsümə hazırlığını yoxlamaq məqsədi ilə qurumun nümayəndələri hər gün bir bölgəyə səfər edir.
Futbolinfo.az xəbər verir ki, xüsusi qruplar çempionat iştirakçılarının infrastrukturla bağlı çatışmazlıqlarını aşkarlayır və onların həllini tələb edir. Problemlər kifayət qədərdir, amma həlli üçün işlər görülür.
II Liqanın yeni yaradıldığını, I Liqa təmsilçilərinin bir çoxunun debütant olduğunu nəzərə alsaq, mövsüm boyu bir çox problemlərə şahid olacağıq. Çatışmazlıqları tam aradan qaldırmaq olmayacaq, amma maksimum azaldılması üçün hamı səylə çalışır. Yeni mövsüm bir növ sınaq xarakterli olacaq.
PFL bir sıra klubları ciddi dəyişikliklərə də məcbur edib. Məsələn, illərdir I Divizionda çıxış edən “Qaradağ Lökbatan”ın ev stadionu ilə bağlı çatışmazlıqlar aradan qaldırılmadığından bu komandanın Lökbatanda oynamasına icazə verilməyib. Nəticədə paytaxt klubu Bakı Olimpiya Stadionunun ehtiyat meydançasına köçüb. Bölgələrdə alternativlər olmadığı üçün eyni addımları atmaq olmur, amma maksimum dərəcədə ən yaxşısını təşkil etmək üçün işlər görülür.