“Mançester Yunayted” müdafiəçi axtarışını sürətləndirib. Lük Şounun zədələnməsindən sol cinahda ciddi problem yaşayan mankunianlar bir neçə varianta əl atsa da, hələlik arzusuna çatmayıb.
Futbolinfo.az xəbər verir ki, Mark Kukurelianı “Çelsi”dən icarəyə götürməyə çalışan “qırmızı şeytanlar” bu oyunçunun “zadəganlar”ın heyətində kubok oyununa çıxması ilə danışıqları dayandırdı. Digər variantlar da alınmadığından hazırda əsas hədəf Serxio Regilondur.
“Tottenhem”in 26 yaşlı müdafiəçisinin heyətə qatılması üçün danışıqlar davam edir. İspan oyunçu özü də icarəyə yollanmağın əleyhinə deyil. Londonlular futbolçuya tibbi müayinədən keçmək üçün icazə verib. Hər şey uğurla getsə, günün sonunda transfer rəsmiləşə bilər. 2020-ci ildə “Real”dan 30 milyon avroya transfer edilmiş Regilon ötən mövsümü “Atletiko”da icarədə keçirib. “Tottenhem” futbolçunu bu dəfə birdəfəlik satmağın da əleyhinə deyil.