Serxio Ramos 18 ildən sonra “Sevilya”ya qayıdır. Təcrübəli ispan müdafiəçi əndəlüslülərlə danışıqları yekunlaşdırıb və transfer tezliklə açıqlanmalıdır.
Futbolinfo.az xəbər verir ki, “Qalatasaray”ın yüksək maaş tələbləri üzündən imtina etdiyi Ramos Səudiyyə Ərəbistanına da getməyəcək. “Əl İttihad”ın israrla istədiyi müdafiəçi Avropada qalmağa qərar verib. O, keçmiş klubu ilə qısamüddətli anlaşmanı imzalayıb, transfer tezliklə açıqlanacaq.
37 yaşlı Serxio “Sevilya” yetirməsidir. 2005-ci ildə 27 milyon avroya “Real”a transfer olunan oyunçu Madriddə karyerasının zirvəsinə çatdı. 16 il burada ən yüksək səviyyədə oynayan Ramos 2021-də azad agent kimi PSJ-yə yollandı. İspan ulduz Parisdə iki il oynadıqdan sonra bu yay Fransa ilə vidalaşdı. Transfer pəncərəsi bağlansa da, onun azad agent kimi sevimli komandasına dönməsinə əngəl yoxdur.