“Qarabağ”da oynamış, həmçinin Norveç və İsveç çempionatlarında top qovmuş yarımmüdafiəçi Tarik Elyunussinin futbolinfo.az saytına müsahibəsi
– “Molde”, “Hakken” və “Bayer” – Avropa Liqasının püşkatmasında “Qarabağ”ın düşdüyü qrupu necə dəyərləndirirsiz? Norveçdə və İsveçdə çıxış etdiyin, eyni zamanda “Qarabağ”da oynadığı nəzərə alsaq, şanslar haqda siz daha yaxşı danışa bilərsiz.
– Çox çətin qrupdur. Almanların oyununu və favoritliyini müzakirə etmək yersizdir. Hər kəsə bəllidir ki, onlar digərlərindən üstündürlər. Son illərdə yaxşı futbol oynayırlar. İkinci pillə uğrunda gərgin mübarizə gedəcək. Hər 3 komanda pley-off uğrunda yarışacaqlar. “Molde” son illərdə Avropada yaxşı təcrübə yığıb, üstəlik, bu il baxımlı futbolla yadda qalırlar. Düzdür, bu mövsümkü çıxışdan sonra bir neçə əsas oyunçularını itirdilər. Onlar daha güclü klublara üz tutdu. Yeni oyunçular alıblar, yaxşı komanda qurublar. “Molde” və “Qarabağ” arasında çox maraqlı oyunlar olacaq. Çox açıq futbol gedəcək. “Hakken” Hoteborq şəhərini təmsil edən kiçik bir komandadır. Amma son illərdə çox yaxşı futbol oynayırlar. Son mövsümdə sürpriz etdilər. Onlar oynadıqları futbolla buna layiq idilər.
– “Hakken”in baş məşqçisi milli komandada sizin çalışdırıcınız olub…
– Norveç yığmasında oynayarkən orda işləyirdi – Per-Matias Höqmo. Onun böyük təcrübəsi var. Bu ilə də yaxşı başlayıblar. Hazırda 3-cü pillədədirlər. “Qarabağ”a onlara qarşı oynamaq çətin olacaq. Xüsusən də İsveçdə asan olmayacaq. Kiçik stadionda yaxşı ab-hava yaradırlar.
– “Molde”nin Türkiyənin “Qalatasaray” klubuna qarşı oynadığı futboldan sonra Azərbaycanda hər kəs onları çətin rəqib kimi görür…
– Əslində, “Qarabağ” üçün bir neçə problemli məqamlar var. Məsələn, Norveçdə çox soyuq havada meydana çıxacaqlar. Onlar evdə fərqli futbol oynayırlar. “Qalatasaray”la matçlarda da bunu gördük. Çempionlar Liqasında mərhələ adlamağa layiq idilər.
– İsveç çempionatı o qədər də yüksək səviyyəli çempionat deyil. Düşünürsüz ki, “Qarabağ” “Hakken”lə matçlarda rahat oynaya bilər?
– Yox, bununla razılaşmıram. “Hakken” son illərdə çox inkişaf edib. Onlar kubok qazandılar, çempionatda medal əldə etdilər. İsveçlilərin tək problemi təcrübəsizlikdir. Onlar Avropada o qədər də çox oyun keçirməyiblər. Bu, “Qarabağ”ın leyhinə sayıla biləcək amil ola bilər. Amma istənilən halda İsveçdə Azərbaycan klubuna çətin olacaq. Bakıda isə onları bəlkə də məğlub etmək daha asan olacaq.
– “Qarabağ”ın son oyunlarını izləmisiz? Azərbaycan təmsilçisi heç də əvvəlki qədər baxımlı futbol oynamır…
– “Qarabağ”ın ikinci pilləni tutmaq üçün şansları çoxdur. Azərbaycan təmsilçisinin ən böyük üstünlüyü digər rəqiblərindən daha çox təcrübəyə malik olmasıdır. Avropada son 10 ildə xeyli oyun keçirdilər. Bu baxımdan “Molde” və “Hakken”i qabaqlayırlar. Onların matçlarına baxmışam və bir neçə əsas futbolçunun heyətdən getdiyini gördüm. Bir çox yeni oyunçu var və buna görə müəyyən dəyişikliklər gözləniləndir. Fikrimcə, təcrübə daha çox vacib amildir. “Qarabağ”a uğurlar arzu edirəm. Ümid edirəm ki, uğurlu olacaq. Azərbaycan futbolu üçün tarix yazmağa davam edəcəklər. Maraqlı oyunlar görəcəyik.
ABBAS