“Neftçi”dəki çıxışı ilə daha çox tanınan, karyerası ərzində həmçinin “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ”ın formasını geyinən Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin futbolinfo.az saytına müsahibəsi

– Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”ın “Partizan”la səfər oyununu stadiondan izlədiniz. Serbiya və Azərbaycan klublarının duelinə baxmaq necə hiss idi?

– Möhtəşəm hisslər idi. Bir tərəfdə ölkəmin komandası, digər tərəfdə isə ikinci vətənim olan Azərbaycan təmsilçisi yer alırdı. Dramatik mübarizəyə şahidlik etdik. Bakıdakı ilk oyundan sonra “Sabah”ın mərhələ adlayacağını gözləyirdim. Çünki həm nəticə, həm də oyun bundan xəbər verirdi. Təəssüf ki, işlərimin çoxluğu ilə əlaqədar həmin matç üçün Bakıya gələ bilməmişdim. Ancaq Belqraddakı qarşılaşmanı izlədim. “Partizan” böyük çətinliklə geridönüş etsə də, öz gücündə oynaya bilmirdi. Pley-offdakı nəticələr də buna əyani sübut oldu.

– “Sabah”ın ilk qarşılaşmada əldə etdiyi 2:0 hesablı üstünlüyü qoruya bilməməsini nə ilə əlaqələndirərdiniz?

– Məncə, “Sabah” mərhələni adlamağa layiq idi. Xüsusən də Bakıdakı matçda daha böyük fərqlə qalib gələ bilərdi. “Partizan” formadan uzaq olsa da, bəzən təcrübə kifayət edir. Üstəlik, “Sabah” da avrokuboklarda debüt edirdi. Məncə, Azərbaycan komandası cavab qarşılaşmasını necə idarə etmək lazım olduğunu bilmədi. Penalti seriyası isə artıq lotereya idi. Mərhələ keçmək heç də “Partizan”ın “Sabah”dan güclü oynadığını göstərmirdi.

– Sabiq komandanız “Neftçi” isə həmin mərhələdə “Beşiktaş”a məğlub oldu. Yenilənmiş “Neftçi” sizdə hansı təəssüratı yaratdı?

– “Neftçi”nin avrokuboklara tam hazır olmadığı Rusiyadakı beynəlxalq turnirdə görünürdü. Keçirdiyi hər üç oyunda uduzmuşdu. “Srvena Zvezda”ya 0:4 hesabı ilə məğlub olduqları matçı da izlədim. Hiss olunurdu ki, komandada anlaşma aşağı səviyyədə idi. Baş məşqçi dəyişib, yeni oyunçular gəlib. Bütün bu proseslərin ardından komandanın qısa müddətdə tam potensialını ortaya qoyması mümkün deyil. Belə bir məqamda “Beşiktaş”la düşmək onların bəxtsizliyi idi.

– Adrian Mutu “Neftçi”nin əvvəlki əzmətini qaytara biləcək?

– Mutunun futbolçu karyerası əla olub, böyük klublarda oynayıb. Amma məşqçi kimi hələ təcrübəsizdir. Rəhbərlik ona etibar edibsə, deməli, bildikləri nəsə var. “Neftçi” böyük klubdur. Onların əvvəlki əzəmətini qaytaracaqlarına əminəm. “Neftçi”ni Çempionlar Liqasında görməyi arzulayıram. Nəvaxtsa bu baş verəcək.

branimir subasic - Futbolinfo.az

– Artıq 10 ildir Azərbaycanı tərk etmisiniz. Bu müddətdə çempionatımızı izləmisiniz?

– Azərbaycan futbolunu daim diqqətdə saxlayıram. Orada baş verən əksər proseslərdən məlumatlıyam. Məsələn, “Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrupuna vəsiqə qazandı. “Qarabağ”ın nəticələri Azərbaycan futbolunun inkişafda olduğunu göstərir.

– Ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ” kimi klubların formasını geyinmisiniz. Azərbaycanda keçirdiyiniz illəri necə xatırlayırsınız?

– Karyeramdan çox razıyam. Azərbaycanda gözəl vaxt keçirdim. İlk dəfə “Neftçi”yə gələndə futbol yeni-yeni inkişaf edirdi. Həmin dönəmdən bəri isə futbolunuz çox dəyişib. Yaxşı infrastruktur qurulur, güclü legionerlər cəlb edilir. Azərbaycan millisinin də formasını geyindiyim üçün ölkə mənə çox doğmadır.

– Millidən söz düşmüşkən, yığmanın heyətində keçirdiyiniz 39 oyunda 6 qol vurmusunuz. Rəqəmlər ürəyinizcədir?

– “Ürəyimcədir” desəm, yalan danışmış olaram. Fikrimcə, Azərbaycan yığmasında 50-60-dan çox oyun keçirməli idim. Bu komandanın heyətində dünyanın bir çox ulduz futbolçularına qarşı çıxış etmək imkanı qazandım. Azərbaycan millisi mənim üçün möhtəşəm təcrübə oldu.

FƏRİD

Shares: