Bu ilin yayında “Neftçi”dən ayrılaraq Səudiyyə Ərəbistanı klubu “Ohod”a keçən paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollinin futbolinfo.az saytına müsahibəsi

– Ötən mövsümün sonunda “Neftçi” ilə müqaviləni ləğv etdiniz. Bu təklif klubdan gəldi, yoxsa siz ayrılmaq istədiniz?

– Əvvəla deyim ki, “Neftçi”yə keçdiyim üçün heç vaxt peşman olmamışam. Hər halda, Azərbaycanın böyük klubunda idim. Lakin ora gedəndən sonra zədələr ard-arda gəlməyə başladı. Artıq komandaya xeyir verə bilmədiyimi hiss edirdim. Bu üzdən ayrılmaq ideyasını müsbət qarşıladım.

– Son 10 ilin çoxunu Azərbaycanda keçirmisiniz. Ayrılmaq çətin olmadı?

– Həqiqətən də, bu, futbolçu karyerası üçün uzun müddətdir. Azərbaycanda uğurlu illərim oldu, oynadığım komandalarda azarkeşlər tərəfindən sevildim. Görünür, artıq ayrılmaq vaxtı idi. Təbii ki, öyrəşdiyin ölkəni tərk etmək asan olmur. Ora mənə çox doğmalaşmışdı. Amma yeni macəra üçün Səudiyyə Ərəbistanına gəldim.

– Ancaq Azərbaycanda qalmaq variantınız var idi. Niyə Premyer Liqanın digər klublarından gələn təklifləri qəbul etmədiniz?

– Düzdür, “Zirə” və “Sumqayıt”dan təklif almışdım. Onlara təşəkkürümü bildirdim. Amma qan dəyişikliyi lazım idi. Düşündüm ki, Azərbaycanda missiyamı tamamlamışam.

– I Liqada çıxış etsəniz də, Səudiyyə Ərəbistanının əsas çempionatından xəbərdar olursunuz. Dünya ulduzlarının ora axını insanlar tərəfindən necə qarşılanır?

– Səudiyyə Ərəbistanı bir anda futbol ölkəsinə çevrildi. Möhtəşəm rəqabət gedir, demək olar ki, hər komandada tanınmış oyunçular var. Liqanın reytinqi çox yüksəlib. İndi bütün dünya bu çempionatı maraqla izləyir. Hətta mətbuatda yazılanlara görə, Səudiyyə Ərəbistanı klublarının UEFA Çempionlar Liqasında iştirakı da müzakirə mövzusudur.

– “Ohod”da işləriniz necə gedir?

– Hər şey qaydasındadır. Bunu özüm üçün yeni çağırış hesab etdim. Məqsədimiz ilk “üçlüy”ə düşərək, dünya ulduzlarının çıxış etdiyi elitada mübarizə aparmaqdır. Mövsümə o qədər də pis start götürməmişik. Getdikcə daha yaxşı vəziyyətdə olacağımızı düşünürəm.

– “Neftçi”dən ayrılmağınız məşqçi dəyişikliyi ilə bağlı oldu? Ümumiyyətlə, Adrian Mutunun bu komandanın “sükanı arxasına” keçməsi ilə bağlı nə düşünürsünüz?

– Xeyr, Mutu ilə əlaqəli deyildi. O, onsuz da komandaya gec qoşulmuşdu. Mutu mənim sabiq komanda yoldaşımdır. Onunla “Çesena”da bir yerdə çıxış etmişik. Həm futbolçu, həm də insan kimi yalnız xoş sözlərə layiqdir. Məşqçilik bacarığına da güvənirəm. “Neftçi”yə yenidən titullar qazandıracağına inanıram.

– Bir ara Azərbaycan millisinə çağırılmağınız gündəm mövzusu idi. Yəqin razısınız ki, Səudiyyə Ərəbistanına getməyiniz bu şansın üstündən xətt çəkdi?

– Həqiqətən də millidə oynamaq variantım var idi. Hətta bununla bağlı görüşlər də olmuşdu. Azərbaycan yığmasında oynamağın mənim üçün şərəf olacağını demişdim. Ancaq nədənsə baş tutmadı. Ağır zədə almağım da yığmaya düşməyimə mane oldu. Bundan sonra yığmadan təklif gələcəyini düşünmürəm. Həm yaş, həm pasport məsələsi var. Yerli gənclərə üstünlük versələr, daha yaxşı olar.

– Sabiq komandanız “Şamaxı” bu mövsüm I Liqada çıxış edəcək. Bu komandanın elitanı tərk etməsi sizi nə dərəcədə üzdü?

– Buna çox pis oldum. Bu klubda həm “İnter”, həm “Keşlə”, həm də “Şamaxı” adı altında oynamışam. Mənə çox doğma komandadır. Ailəm də orada olmağımdan razı idi. Ancaq ötən mövsüm strategiyanı tamam dəyişdilər, sırf gənc yerlilərə etibar etdilər. Yəqin ki, bu seçimi edəndə belə sonluğu nəzərə almışdılar. Gənc futbolçularla da yaxşı oyunlar keçirirdilər. Eyni tempdə çıxış etsələr, tezliklə yenidən elitaya qayıdacaqlar.

FƏRİD

Shares: