ABŞ-də keçirilən “Böyük dəbilqə” seriyalı tennis turnirində ¼ finalın ilk iki oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, əvvəlcə mərkəzi kortda yerli tennisçi Teylor Fritslə Novak Cokoviç qarşılaşıb. Oyun cəmi 2 saat 36 dəqiqə davam edib. Serbiyalı reketka ustası rəqibini çətinlik çəkmədən məğlubiyyətə uğradıb – 6:1, 6:4, 6:4.
Digər oyunda iki ABŞ-li tennisçi üz-üzə gəlib. Bu turnirə qədər daha çox tanınan Frensis Tiafonun qələbəsi gözlənilsə də, gənc Ben Şelton yarımfinala adlamağı bacarıb. Görüş ərzində 11 dəfə eys edən Şelton oyunu 4 setdə qələbə ilə tamamlayıb. Beləliklə də o, karyerasında ilk dəfə yarımfinala çıxıb.
Bu gün keçirilən iki ¼ final oyunundan sonra turnirin digər yarımfinal cütlüyü məlum olacaq. Əvvəlcə korta Medvedevlə Rublyov, ardınca isə Alkarasla Zverev çıxacaq.