“Neftçi”nin israilli yarımmüdafiəçisi Kenni Sayef Belçika mətbuatına müsahibə verib. Futbolinfo.az saytı xəbər verir ki, vaxtilə “Gent” və “Anderlext”də çıxış etmiş 30 yaşlı futbolçu AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Belçika matçını dəyərləndirib.
O, həmçinin Azərbaycan futbolu barədə düşüncələrini də bölüşüb. Sayef ilk olaraq Belçika ilə qarşılaşmanın “Dalğa Arena”da salınmasına münasibət bildirib.
– Qəribədir. Bir ildən çoxdur ki, burada oynayıram, amma “Dalğa Arena” haqqında heç vaxt eşitməmişəm. Onlar 6000 yeri doldurmaqla daha yaxşı atmosfer yaratmaq istəyirlər. Amma həmkarlarım stadionun pis vəziyyətdə olduğunu deyirlər. Bu, sizi narahat edəcək. Oyunçularınız bilyard oynamağa öyrəşiblər.
– Düşmən və ya irqçi münasibətdən qorxmalıyıq?
– İrqçilik yoxdur. Mən hələ belə bir hadisə eşitməmişəm. Əlbəttə ki, qonaq komanda olduğunuzu hiss edəcəksiniz. İzdiham, səs-küy olur, azarkeşlər öz komandalarını dəstəkləyir. Beynəlxalq oyunlar insanları stadiona cəlb edir, ancaq milli çempionat matçları xeyr. Bura Türkiyə deyil.
– Temperatur necə olur?
– Təxminən 30 dərəcə isti olur. Nəzərə alaq ki, oyun günorta vaxtı keçiriləcək. Ümumiyyətlə, dənizdən yüngül meh əsir, havasızlıq deyil.
– Estoniya ilə heç-heçə edən və FİFA reytinqində 121-ci pillədə qərarlaşan milli barədə nə düşünmək olar?
– Azərbaycanla Belçika arasında müqayisə aparmaq olmaz. Səviyyədə böyük fərq var. Amma deyə bilərəm ki, onlar Belçika ilə oynamaq üçün həyəcanlıdırlar. Əllərindən gələni edəcəklər. 100 nəfərdən soruşsanız ki, kim qalib gələcək, hamısı Belçikanın adını çəkəcək. Amma futbolda hər zaman diqqətli olmaq lazımdır.
– AVRO-2020-nin seçmə mərhələsində 24 mümkün xaldan 1-ni toplayıblar…
– Mən bunu nəzərdə tuturam. Həmin xalı Xorvatiyadan alıblar. Millidə yaxşı futbolçular var, amma komandamda çıxış edən kapitan Emin Mahmudovu xüsusi tanıyıram. Yığmanın 8 üzvü legionerdir, biri İsveçrədə, biri Türkiyədə oynayır. Ancaq onları yaxşı tanımıram.
– Azərbaycan Premyer Liqasında bir neçə tanınmış əcnəbi futbolçu var…
– Bir neçə braziliyalı var. “Qarabağ” Avropa Liqasının qrupuna vəsiqə qazanıb. Düzdür, liqa o qədər də maraqlı hesab edilmir. Müqaviləm başa çatırdı və mənə maraqlı idman layihəsi təklif olunurdu. Ona görə də yoldaşıma dedim ki, gəl cəhd edək. Etiraf edim ki, onlar futbolun təbliği üçün çox səy göstərdilər. Xüsusən də AVRO-2020-nin oyunlarına ev sahibliyi etməklə. İnanıram ki, bir neçə ildən sonra böyük oyunçular gəlib burada oynamaq istəyəcəklər. Burada özümü yaxşı hiss edirəm. Azərbaycan müsəlman ölkəsidir, amma biz Belçikadakı kimi yaşayırıq. Onlar çox açıqdırlar.
– Rusiya qonşu ölkədir, Tehran, hətta Bağdad da çox uzaqda deyil. Özünüzü təhlükəsiz hiss edirsiniz?
– Əlbəttə. Polis 24 saat küçələrdə patrul xidməti göstərir. Burada hətta mafiya da yoxdur. Komanda yoldaşlarımla Ukraynadakı müharibədən və ya buna bənzər hadisələrdən danışmırıq.
– Futbola qayıdaq. Azərbaycanlılar Belçikanın qarşısını necə almaq lazım olduğu barədə sizdən məsləhət istəyiblər?
– Mən onlara Dokunun qarşısıalınmaz olduğunu dedim (gülür). 16 yaşı olanda “Anderlext”də onunla oynamışam. Həqiqətən də xüsusi idi. Trossara qarşı “Genk”də olarkən oynamışam. “Gent”in qapıçısı Mats Şils ehtiyat oyunçular skamyasında olacaq? Həyatımın altı ilini Belçikada keçirdim. Ölkəniz üçün darıxıram. Mən hələ də “Gent”i sevirəm.
– Yenidən ABŞ millisinə çağırılacağınıza ümid edirsiniz?
– Əlbəttə. Bu, yuxu olardı. Son matçım hələ “Anderlext”də olarkən dolu “Uembli” stadionunda İngiltərə ilə duel olub. Düşünürəm ki, baş məşqçi mənim Azərbaycandakı çıxışlarımı izləyir. Amma milli hazırda çox güclüdür. Heyətdəki yerimi bərpa etmək asan olmayacaq.
ABBAS