Basketbolda ən güclü milli komanda Olimpiya Oyunlarında bilinir. Olimpiadadan əvvəl keçirilən dünya çempionatı emosiya və gərginliyinə görə heç də dördilliyin əsas yarışından geri qalmır. Belə böyük turnirlərin bəzəyi də hər zaman sensasiyadır. Gözlənilməzliklər çox olduqda isə turniri ümumiyyətlə uğurlu saymaq olur.
Yaponiya, Filippin və İndoneziyada keçirilən dünya çempionatı məhz belələrindən oldu. Hər kəs qızıl medalın ABŞ və Kanada milli komandaları arasında bölüşdürəcəini güman etsə də, avropalılar buna imkan vermədilər. Xüsusilə də Almaniya milli komandasının çempionluğu mundialı bir qədər də bəzədi.
Finalda qarşılaşan Sebiya və Almaniya həlledici oyuna müxtəlif şəkildə gəlmişdilər. Nikola Yokiçin imtinasından sonra serbləri heç kim ciddiyə almırdı. Qrup mərhələsində İtaliyaya məğlubiyyət ehtimalları bir qədər də gücləndirirdi. Lakin pley-of mərhələsini Balkan təmsilçisi möhtəşəm keçdi.
Ümumiyyətlə, ulduzların gəlməməsi çempionatın əsas diqqətçəkən məqamlarından idi. Kanada MBA oyunçularından yığılsa da, Camal Marrey və Endryu Vigginsin yoxluğu komandanı zəiflətmişdi. Latviya Kristian Porzingissiz idi, Yunanıstan Yannisin imkanlarından istifadə edə bilmədi. Ev sahiblərindən biri Yaponiya Ruy Hatimuranın razılığını ala bilməmişdi. İtaliyanın əsas itkilərindən biri isə son anda ABŞ-ə millisində oynamağa üstünlük verən draftın 1 nömrəsi Paolo Bankero idi.
Serblər çempionat ərzində ciddi zədə alan Boriş Simaniçi də itirdi. Lakin güclü baş məşqçiyə malik Serbiya millisi finala qədər irəliləyə bildi. Final isə onun üçün ikiqat xüsusi idi. Belə ki, Almaniya milli komandası buvaxta qədər ən böyük uğuru olan Avropa çempionluğunu məhz Svyatoslav Peşiçin rəhbərliyi ilə qazanmışdı.
Məhz həmin 1993-cü ildə Almaniya millisinin hazırkı lideri Denis Şröder dünyaya göz açıb. Çempionatın bəzəyindən olan yarımfinal oyununda məhz Şröderin möhtəşəm oyunu ABŞ üzərində qələbə qazanmağa imkan verdi. Həmin oyunda və çempionatda bir nəfəri qeyd etsək, haqsızlıq etmiş olarıq. Almaniya millisi komanda kimi güclü idi. Məhz kollektiv oyun və inanılmaz istək komandanı çempionluğa daşıdı (83:77). Turnir ərzində bir dəfə də məğlub olmayan Bundestim tarixində ilk dəfə dünya çempionatının qalıbı oldu.
Bu inanılmaz uğurun əsas səbəblərindən biri son illərdə yetişən gənc nəsildir. Komanda addım-addım inkişaf edərək bu səviyyəyə gəlib çatıb. Dünya basketboluna Dirk Novitski kimi əfsanəni hədiyyə edən bir ölkə gec-tez bu zəfərə çatmalıydı.
Çempionatın rəmzi yığmasına 5 müxtəlif ölkənin basketbolçusu daxil edildi: Denis Şröder (Almaniya) , Luka Donçic (Sloveniya), Şey Giljes-Aleksandr (Kanada), Entoni Edvards (ABŞ) və Boqdan Boqdanoviç (Serbiya). Denis Şröder isə çempionatın MVP-si seçildi.
3-cü yer uğrunda oyunda Kanadaya məğlub olan ABŞ millisi 1970-ci ildən bu yana ilk dəfə olaraq ardıcıl iki mundialda medalsız qaldı.
İLQAR AĞAYEV