Hans-Diter Flik Almaniya futbol tarixinə düşdü. O, milli komandanın baş məşqçi postundan qovulan ilk mütəxəssis oldu.
Futbolinfo.az xəbər verir ki, ardıcıl uğursuz oyunlara Yaponiya ilə yoxlama matçındakı 1:4 hesablı məğlubiyyət əlavə olunca rəhbərliyin səbri daşdı. Qətərdəki mundialda uğursuzluq Flikə bağışlansa da, növbəti Avropa çempionatının Almaniyada keçiriləcəyi nəzərə alındı. Bundestimdə vəziyyəti dəyişmək üçün bu addım zəruri idi.
AFF-nin yaydığı açıqlamada deyilir: “Almaniya milli komandasının son məyusedici nəticələrdən sonra yeni bir stimula ehtiyacı var. Biz ölkəmizdə keçiriləcək Avropa çempionatına qədər nikbinlik və inam ruhunu bərpa etməliyik”.
Flik 2021-ci ilin mayından Almaniya millisini çalışdırırdı. O, bu komandanı bütövlükdə 25 matça çıxarıb. 58 yaşlı mütəxəssis bu göstəriciyə görə yalnız 2004-06-cı illərdə baş məşqçi olan Yürgen Klinsmann (12 oyun) və 1998-2000-də postu tutan Erik Ribbeki (15) qabaqlayır.
Baş məşqçi dəyişməyi xoşlamayan almanlar indiyədək cəmi 10 nəfərə güvənib və onların heç biri əcnəbi olmayıb. Lakin Flikin əvəzedicisi kimi Zinəddin Zidanın adı hallanmağa başlayıb. Əlcəzair əsilli fransalı tarixi ənənəyə son qoya bilər. Amma çətin ki, AFF rəhbərliyi bu varianta üstünlük versin, çünki artıq indidən Yulian Naqelsmannın millinin başına gətiriləcəyi yazılır. Yazda “Bayern”dən ayrılan mütəxəssis məhz yığmadan dəvət gözlədiyi üçün heç bir kluba getməyib.