UFC döyüşçüləri Hüseyn və Həsən Ashabov qardaşları Tailandda həbs ediliblər. Məlumata görə əkiz qardaşlar adları naməlum olan üç Qazaxıstan vətəndaşı ilə Pxuket adasında italiyalı biznesmenin evinin qarətində şübhəli bilinirlər.
İnsident sentyabrın 3-də baş verib. Cinayətkarlar arxa qapıdan villaya daxil olmağı bacarıblar.
Zərərçəkənin sözlərinə görə , o, digər 3 nəfəri əvvəllər görməyib. Onlar italyan biznesmeni yataq otağından çıxararaq əl-qolunu bağlayıb və ağzını lentləyiblər. Sonra qarəti planlayan şəxs italyana zəng edərək suallar verib. Həmin üç nəfər isə kriptovalyuta diskinin harada gizlədildiyini öyrənməyə çalışıb. Belə bir diskin olmadığını bildirdikdə isə hücum edənlər ona işgəncə veriblər.
İşgəncə bütün gecə davam edib. Zərərçəkən bədənindən və sifətindən ağır xəsarətlər alıb. Sonda biznesmeni əl-qolu və ağzı bağlı qoyaraq üç nəfər villanı tərk edib. Kurortdakı videokameraların görüntülərindən ertəsi gün 16:48-də italiyalının villadan çıxaraq üzüaşağı diyirləndiyi görünür. Həmin an o, hələ də bağlı olub.
Araşdırma zamanı hücum edən üç Qazaxıstan vətəndaşının kimliyi müəyyənləşib. Onlar sentyabrın 4-ü səhər erkəndən Pxuket beynəlxalq hava limanında pasport nəzarətindən keçərək Dubaya yollanıblar. Hazırda onların Qazaxıstanda olduqları güman edilir.
Saxlanılan şəxslərlə məlumatı şəhərin polis rəisi verib. Onun sözlərinə görə 28 yaşlı rusiyalı əkiz qardaşlar hazırda həbs ediliblər. Hüseyn və Həsən qardaşlarının hansı təcridxanada saxlandıqları ilə bağlı isə məlumat yoxdur.
Qardaşlar Tailand qanunvericiliyinə görə mühakimə ediləcəklər. Onlar qarət, ağır işgəncə, ləyaqətin təhqir edilməsi maddələri ilə ittiham edilirlər.
Hesabatda italyan biznesmenin villasından aparılan malların siyahısı da dərc olunub. Oğurlanan mallar arasında bunlar var: 2 milyon 476 min bat (100 min avro) dəyərində Rolex Daytona, 3 milyon 805 min bat (130 min avro) dəyərində Patek Philippe Nautilius və 1 milyon 660 min bat (60 min avro) dəyərində GRAFF saatları, bir ədəd Macbook, yeni iPhone 13 və iPhone 14, 2 günəş eynəyi.
Bunlardan başqa italyan biznesmenin pasportu, debet kartı, telefon , kompyuter və seyfin şifrləri də aparılıb. Həmçinin, verilən məlumata görə qazaxıstanlı 3 nəfər evdən 40 min avro pul aparıb. Bundan əlavə götürdükləri debet kartı vasitəsilə Dubaydan 16 min avro çıxarıblar.
Dinləndirmə zamanı Ashabov qardaşları ilə italyan biznesmen ilk dəfə bir il əvvəl Çernq Talay kurortunda rastlaşdığı aydınlaşıb. Ondan sonra onların yüngül tanışlığı olub. Qazaxıstan vətəndaşlarını isə zərərçəkən ilk dəfə görüb.