I Liqada çıxış edəcək “Karvan”ın baş məşqçisi Kənan Kərimovun futbolinfo.az saytına müsahibəsi
– Söhbətə bir qədər əvvəldən başlayaq. Bu mövsümdən I Liqa və əvəzedicilərin çempionatının ayrı keçirilməsi, həmçinin II Liqanın yaradılması haqda qərarları necə qarşıladınız?
– Hər ikisi müsbət qərar oldu. Bu qərarları dəstəkləyənlərdən biri də bizik. Sevindirici haldır ki, əvəzedicilərin çempionatını I Liqadan ayırdılar. Artıq Premyer Liqa ilə yanaşı, I və II liqalar var. Bu dəyişiklikləri çox xoş qarşıladıq.
– Region Liqasında çıxış etdiyiniz vaxtdan “Karvan”ın baş məşqçisisiniz. II Liqa yaradıldıqdan sonra Yevlax klubunun da digərləri kimi bu liqada çıxış edəcəyi gözlənilirdi. Ancaq məlum oldu ki, “Karvan” birbaşa I Liqada mübarizə aparacaq. Burada nə həlledici rol oynadı?
– 2 il Region Liqasında çıxış etdik. Bundan sonra I Liqada oynamağımıza icazə verildi. I Liqaya buraxılmağımızın səbəbləri var. AFFA və Peşəkar Futbol Liqası belə məsələlərdə ilk olaraq infrastruktura nəzər yetirir. Gəldilər, baxdılar, şərait, infrastruktur baxımından “Karvan” I Liqada oynamaq üçün bütün tələblərə cavab verir. Sağ olsunlar ki, bu qərarı qəbul etdilər.
– I Liqada çıxış edəcəyiniz təsdiqlənəndən sonra klub nə kimi işlər gördü? “Karvan” bu liqada oynamağa tam hazırdır?
– Çox iş görüldü. Hər baxımdan dəyişikliklər oldu. Uzun müddət Yevlaxda futbol olmayıb deyə, bəzi şeylər yararsız vəziyyətə düşmüşdü. Buraya meydançanın ot örtüyü, paltardəyişmə otaqları aiddir. Rəhbərlik sağ olsun, ən kiçik detallara da diqqət ayırdı. Ot örtüyü yaxşı vəziyyətə gətirildi, soyunub-geyinmə otaqları təmir edildi, hətta tablo da quraşdırıldı. İnfrastruktur baxımından hər şey hazırda ideal vəziyyətdədir.
– Bəs baş məşqçi olaraq heyəti tam istədiyiniz kimi komplektləşdirə bildinizmi?
– Bilirsiniz ki, Region Liqası həvəskar statuslu liqadır. Bu mənada I Liqada çıxış edəcəyimiz təsdiqini tapandan sonra heyətdə dəyişikliklər etməyə məcbur olduq. Demək olar ki, gətirmək istədiyim futbolçuların 60-70 faizini komandaya cəlb edə bildik.
– I Liqada mövsümün açılış oyunu məhz Yevlaxda keçiriləcək. “Mingəçevir”lə qarşılaşmadan hansı nəticəni gözləyirsiniz?
– Böyük futbol Yevlaxa qayıdır. Bir-birinə yaxın rayonların komandalarının görüşü həmişə gərgin mübarizə şəraitində keçir, hər iki tərəf meydandan xalla ayrılmağa çalışır. Sevindirici haldır ki, çempionatda ilk matçımızı evdə keçirəcəyik. Yaxşı oyun göstərməyə və bizi qane edəcək nəticəni qazanmağa çalışacağıq. Futbolçulardan istəyim yaxşı oyun və nəticədir.
– Artıq 2 turu geridə qalmış II Liqada oyunlara böyük marağın şahidi oluruq. Necə düşünürsünüz, I Liqa matçlarında da azarkeş izdihamı yaşanacaq?
– Bəli. Çox böyük maraq olacaq. Hətta deyərdim ki, I Liqadakı azarkeş marağı II Liqanı da üstələyəcək. Yeganə problem oyunların həftəiçi keçirilməsi ola bilər. Yəqin ki, işdə olan insanlar gəlib bizi dəstəkləyə bilməyəcəklər. Ümumilikdə yerli camaat komanda ilə çox maraqlanır, bizi həmişə diqqətdə saxlayır. Azarkeşlər gəlib məşqlərimizə baxırlar, oyunlarımız haqda suallar verirlər. Çox istərdim ki, onlar bütün görüşlərdə stadionu doldursunlar. Azarkeşlərimizin dəstəyini gözləyirik.
– I Liqada “Karvan”ın qarşısına hansı hədəf qoyulub?
– Heyətimiz tam yenilənib. İki ayın komandasıyıq. Rəhbərliklə danışmışıq, hədəfimiz yüksək yerlərdə qərarlaşmaqdır. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq və turnir cədvəlində üst pillələrdə olaq.
– “Karvan” vaxtilə iddialı, medallar uğrunda oynayan, avrokuboklarda çıxış edən komanda olub. Yevlax təmsilçisinə əvvəlki gücünü qaytarmaq üçün neçə il vaxt lazımdır?
– “Karvan” həmişə iddialı olub, yüksək yerlər uğrunda mübarizə aparıb. Keçmiş UEFA Kubokunda ilk mərhələ adlayan klub məhz “Karvan”dır. Komandanı əvvəlki gücünə konkret neçə ilə qaytaracağımızı deyə bilmərəm. Amma bütün işləri məhz bunun üçün görürük. Rəhbərlik hər zaman yanımızdadır. Biz də çalışacağıq ki, yaxşı nəticə göstərək, gələn və ya o biri il Premyer Liqada çıxış edək.
İLQAR AĞAYEV