“Neftçi”nin yeni transferi Lukas Melano klubun televiziyasına müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, argentinalı hücumçu ilk olaraq “ağ-qaralar”la danışıq prosesindən bəhs edib: “Hər şey çox tez baş verdi. Mənə zəng edib təklif olduğunu dedilər. Elə də çox vaxt yox idi. Çünki transfer bazarı artıq bağlanmaq üzrə idi. Ailəmlə, sevdiyim xanımla danışdım. Məxsus olduğum klub tərəfindən də danışıq aparmağa razılıq var idi. Dediyim kimi, hər şey ani baş verdi. Bura gəlmək üçün çox istəkli idim. Danışığın müsbət yekunlaşması məni çox sevindirdi”.
30 yaşlı forvard “Neftçi”nin sabiq yarımmüdafiəçisi Xorxe Korreanın bu keçiddə vacib rol oynadığını söyləyib: “Azərbaycan, ölkə çempionatı və klub haqqında məlumatım var idi. Dostum Xorxe Korrea burada oynamışdı. Uşaq yaşlarında Argentinada birlikdə oynamışıq. Mənə təklif gəldikdən sonra ilk olaraq onunla əlaqə saxladım. Klub, insanlar, şəhər və çempionat haqqında çox yaxşı sözlər dedi. Bu amil qərar verməyimdə mənə çox kömək oldu”.
Paytaxt təmsilçisi ilə 2 illik müqavilə bağlayan Melano özünü növbəti matça hazır sayır: “Özümü çox yaxşı formada hiss edirəm. Keçən həftə sabiq klubumla oyuna çıxmışam. İstirahət etmək üçün yalnız üç günüm oldu. İlk günümü ailəmlə sağollaşmağa həsr etdim. Növbəti gündə hazırlaşdım. Üçüncü günümü isə təyyarəyə minib buraya gəlməyə sərf etdim”.
O, ilk gündən “Neftçi”də mehriban mühit gördüyünü vurğulayıb: “Sözün həqiqi mənasında əla kollektivlə rastlaşdım. Çox yaxşı insanlardır. Komandada mükəmməl futbolçular toplanıb. Bunu dərhal hiss etmək olur. Komanda şəklində əzmkar çalışmalıyıq ki, gözəl nəticələr əldə edə bilək”.
Lukas Melano hansı mövqedə özünü rahat hiss etdiyini də açıqlayıb: “Ən sevdiyim mövqe hücumun sağ cinahıdır. Sol cinahda və sırf hücumçu kimi də oynamağı bacarıram. Bununla bağlı problemim yoxdur. 4-4-2 sxemində yarımmüdafiənin sağ cinahında çıxış edə bilirəm. Məşqlərə davam etməliyəm. Hansı mövqedə oynamağıma baş məşqçi qərar verəcək. Harada oynamağıma baxmayaraq, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.
Hücumçu sonda debüt matçına çıxmağı səbirsizliklə gözlədiyini söyləyib: “Burada olduğum üçün çox xoşbəxtəm. Stadionda azarkeşlərlə bir-birimizi tez bir zamanda tanımağımız üçün səbirsizlənirəm. Ümid edirəm ki, hamımız üçün uğurlu mövsüm olar və birlikdə vacib nailiyyətlər qazanarıq”.
Qeyd edək ki, Lukas Melano “Atletiko Sarmiento” klubundan transfer edilib.