“Bu şənbə çətin oyunumuz olduğunu bilirik. Rəqibimizi yaxşı tanıyırıq, keyfiyyətinə bələdik. Ona görə də həftəmiz iş baxımından məhsuldar keçib. “Neftçi” ilə matça konsentrasiya olmuşuq”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyro deyib.
Yayda komandaya dəvət olunan və sabit oyunu ilə seçilən 26 yaşlı braziliyalı millinin matçları ilə əlaqədar yaranmış fasilədən maksimum istifadə etməyə çalışdıqlarını bildirib: “Komandamız gec yığışdığına görə, təlim-məşq toplanışı keçirməmişdi. Millinin oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum istifadə etdik, həm yaxşı məşqlər keçdir, həm də yoxlama oyununda gücümüzü sınadıq. Məşqçilər korpusu bir daha çatışmazlıqları gördü”.
O, komandada əhval-ruhiyyənin yaxşı olduğunu da vurğulayıb: “Atmosfer çox yaxşı və xoşdur. Belə olması bizim üçün vacibdir. Oyuna yaxşı hazırlaşmaq, tam olaraq istəniləni verməyimiz üçün bu atmosferə ehtiyacımız var”.
Müdafiəçi bir məqama xüsusi diqqət çəkib: “Əslində oyun 90 dəqiqə davam edir və sona qədər diqqətli olmalıyıq. “Qarabağ”la oyunun əlavə dəqiqələrində qol buraxmağımız bunu bir daha ortaya qoydu. Ancaq “Neftçi” ilə görüşün xüsusilə ilk 15 dəqiqəsində diqqətli olmalıyıq”.
İqor Ribeyro rəqibdən çəkinmədiklərini də qeyd edib: “Hər iki komanda meydana 11 futbolçu ilə çıxacaq. Diqqətimizi cəmləmişik, ciddi hazırlaşmışıq. Ümumiyyətlə, Premyer Liqa rəqabətli keçir. İstənilən komanda digərini büdrətmək gücündədir”. Braziliyalı müdafiəçi şanslardan maksimum yararlanmağın vacibliyini deyib: “Şanslar? Onları qaçırmaq olmaz”.