Rövnəq Abdullayev yenə kisənin ağzını açıb. AFFA prezidenti milli komandanın üzvlərinə mükafat paylayıb.

Futbolinfo.az xəbər verir ki, dəfələrlə milli komanda hətta məğlub olduqda belə futbolçulara mükafat verən qurum yenə eyni addım atıb. Belə ki, seçmə mərhələnin Belçika ilə Bakıdakı oyununa görə hər futbolçunun hesabına 5000 manat köçürülüb. Abdullayev 0:1 hesablı məğlubiyyətə baxmayaraq, səxavətini göstərib.

Bu mükafatın İordaniya ilə yoxlama oyunundakı qələbəyə (2:1) aidiyyatı yoxdur. Güman ki, AFFA həmin oyuna görə də əlavə vəsait xərcləyəcək.

Bəlkə də kimlərsə AFFA-nın futbolçuları qayğısına qalmasını alqışlayır. Lakin bu, qayğıya qalmaq deyil, büdcəni dağıtmaqdır. Ölkənin əksər vətəndaşlarının az qala il ərzində qazana bilmədiyi pulu futbolçular 90 dəqiqə ərzində rəqibin qələbəsini seyr etməklə cibinə qoyur. Guya ki, sərgilənən oyun AFFA prezidentinin xoşuna gəlib. Halbuki Belçikanın oyuna yanaşması, hesabı təmin etikdən sonra bizimklərə topla davranmağa imkan verməsi tamam başqa bir şeydir, komandanın həqiqətən yaxşı oynaması başqa.

Nəticə göz önündədir. Millimiz seçmə mərhələdə cəmi 1 xalın sahibidir. Həmin xal da qrupun autsayderi ilə ev oyununda əldə edilib. Və ölkənin imicini tar-mar edənlər mükafata layiq görülür.

Xəbərə AFFA-dan reaksiya öyrənməyi lazım bilmədik. Maliyyə məsələləri ilə bağlı açıqlama verməyi özünə qadağan edən qurumdan həqiqətin etirafını gözləmirik. Amma əmin ola bilərsiz ki, xəbər tam dəqiqdir.

Shares: