“Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciəti müsbət cavablandırılıb.
Futbolinfo.az saytı xəbər verir ki, qurum məşqçinin şikayətində haqlı olduğunu, “Sumqayıt”ın öhdəliyini yerinə yetirməsini qərara alıb.
Mütəxəssisin işini aparan vəkillər – Con Mehrzad və Martin Palmer “gənclik şəhəri” təmsilçisinə qarşı yürütdükləri apellyasiya şikayətində qalib gəlməyi bacarıblar. Bu məsələdə əsas cavabdeh AFFA deyil, klub hesab edilib. Yəni müqavilə şikayətçi ilə klub arasında imzalandığından, “Sumqayıt”ın cəzalandırılması gözlənilir.
Klub Elnur Çodarovun 3 aylıq maaşını ödəmək məcburiyyətində qalacaq.
“Littletonchambers.com” saytında məlumat öz təsdiqini tapıb. Xəbərdə FİFA-nın Oyunçuların Statusu və Köçürülməsi Qaydalarında (RSTP) məşqçiləri əhatə edən yeni müddəalara əsasən, müqavilənin birtərəfli qaydada ləğvi ilə bağlı faydalı məlumatlar paylaşılıb. Bildirilib ki, 5 fevral 2021-ci ildə FİFA RSTP klubun məşqçi ilə əmək müqaviləsini birtərəfli qaydada ləğv etmək imkanını tənzimləyən müddəaları daxil edib.
Qeyd edək ki, Elnur Çodarovun köməkçi məşqçi funksiyasını icra edərkən 2021-ci ilin dekabrında klub tərəfindən müqaviləsinə birtərəfli xitam verilmişdi.