“Neftçi” rəhbərliyi yeni komanda quruculuğu üçün çox iş görür. Saysız transferlər reallaşıb, heyətin gücləndirilməsi üçün nə lazımdısa, edilir. Şərait də əvvəlkindən daha yaxşıdır.

Amma və lakin bütün bunların nəticəsi olmayacaq, bakılıların böyük hədəflərə köklənməsi mümkün deyil. Çünki rəhbərlik ilk addımını səhv atıb. Bu səbəbdən klubun hazırda Premyer Liqa təmsilçiləri arasında ən yüksək büdcəyə malik olması da heç nəyi dəyişmir. Faktiki olaraq milyonlar havaya sovrulur, faydasızca xərclənir.

“Neftçi”nin səhv olan ilk addımı Adrian Mutunun adı ilə bağlıdır. Rumın mütəxəssis “Neftçi”nin yükünü çəkəcək biri deyil, o indi futbolçu vaxtı qazandığı imici xərcləməklə məşğuldur. Meydanın kənarında yalandan əl-qol yelləməklə, şou göstərməklə deyil, futbolçuların ustalığı, fərdi bacarığı yetən oyunlarda xal qazanılır, onlar dayandırılınca uğursuzluq qaçılmaz olur.

“Neftçi”nin oyunu yoxdur. Komanda meydanda sanki sürünür, dinamika, sürət çatışmır. Bakılılar rəqibin imkan verdiyi qədər oynamaqla kifayətlənir. Bəlkə də məşqçiyə vaxt vermək lazımdır, amma vaxtı da ümid verən məşqçiyə ayırarlar. Mutu hazırkı heyətlə, imkanlarla bu qədər xal itirməli deyildi. “Neftçi” mümkün 18 xaldan cəmi 8-ni qazana bilib.

“Araz-Naxçıvan”la oyun komandanın növbəti fiaskosu idi. Rəqibin legionerləri həm qiymət, həm də səviyyə baxımından “Neftçi”dəkilər qədər yaxşı sayıla bilməz, əvəzində məşqçi işi sayəsində Azər Bağırov rəqibinə dərs keçdi. Və belə qəzalar tez-tez təkrarlanır, Azər Məmmədov, Şahin Diniyev də Mutuya eyni dərsi keçmişdi, Adrianın onlardan yeganə üstünlüyü futbolçu kimi qazandığı addır, məşqçi kimi hətta özümüzkülərdən çox geri qalır.

“Neftçi” məşqçisini dəyişməlidirmi? Bu addım indi atılsa, hamı klubu qınayar, amma Mutudan çox şey gözləməyə də dəyməz. Çox keçməz, rumın çalışdırıcı bu ili komanda quruculuğuna həsr etdiklərini, növbəti çempionatda konkret vəzifə uğrunda mübarizə aparacaqlarını deyər. Lakin bu potensialda olan məşqçiyə güvənməyə, aldanmağa dəyməz.

Təbii ki, “Neftçi” ən azı avrokuboklar uğrunda mübarizə aparacaq, lider futbolçulardan hərəsi bir matçda önə çıxıb nələrsə edəcək. Amma komanda olaraq güclü “Neftçi”ni görməyəcəyik. Hələ təyinat vaxtı yazdıqlarımızı təkrarlamalıyıq – bu, Mutunun bacaracağı iş deyil.

35897846505d41c94c79 - Futbolinfo.az

Yəqin ki, klub rəhbərliyi də səhvini anlayıb. Amma elə bir nöqtədə səhv ediblər ki, hər şey ona bağlıdır, onunla başlayıb. Bu gün Adriandan imtina etmək, yenidən komanda quruculuğuna başlamaq deməkdir. Məhz rumının istəyi ilə edilən transferlər, xərclənən milyonlar…

Növbəti rəqib lider “Zirə”dir. Qəsəbə təmsilçisini də yenmək mümkün olmasa, “Neftçi” azarkeşlərinin haqlı narazılığı artacaq. Mövsümöncəsi rəhbərliyə tərif deyənlər nəhayət, eyforiyadan ayılıb həqiqəti görəcək. Və hələ ki, komandanın bərbad durumuna səbr edilməsi digər iddialıların da çoxlu xal itirməsi ilə bağlıdır.

Günün daha bir məğlub komandası “Kəpəz”in durumu isə fərqlidir. Gəncəlilər Premyer Liqa klubları içində ən zəif büdcəyə malik olmağın əziyyətini çəkir. “Neftçi”ni yenən, səfərdə “Qarabağ”dan xal alan komanda bunu rəqiblərin adından aldıqları motivasiya ilə bacarıb. Əvəzində “Kəpəz” digərlərinə rahatlıqla uduzur.

Təəssüf ki, komandanın problemləri bitmir, “Kəpəz” yenə təzyiq altında oynayır, yenə istefa şüarları səslənir. Evdə 0:3 hesablı məğlubiyyət pisdir, amma azarkeşlər mövcud durumun səbəbinə varmadan hər zamankı kimi yalnız baş məşqçini istefaya səsləməyi lazım bilir. İllər ərzində məşqçilər dəyişdi, müxtəlif qruplaşmalar “Kəpəz”in özünə gəlməsinə imkan vermədi. Gəncənin futbol ictimaiyyəti komanda ətrafında birləşməyincə “dağlılar”ın perspektivi dumanlı görünür. O zaman I Liqaya yuvarlanmaq qaçılmaz olacaq.

“Səbail” isə öz işindədir. Ardıcıl qələblər Şahin Diniyevin yetirmələrini zirzəmidən liderlər qrupuna yüksəldib. Komanda ən azı qışa kimi tempi saxlaya bilsə, yüksək yerlər uğrunda oynaması mümkündür. “Dənizçilər” hazırda formasının ən yüksək həddindədir, Diniyev sabitliyə nail olsa, arzusuna çatacaq.

AĞA

Shares: