“Neftçi”nin çexiyalı sabiq futbolçusu Zdenek Folprextin futbolinfo.az saytına müsahibəsi
– Karyeranızı 32 yaşda bitirməyiniz nə ilə bağlı oldu?
– Bir neçə ay öncə futbolçu karyeramı bitirmək məcburiyyətində qaldım. Buna dizimdən aldığım ağır zədə səbəb oldu. Məndən olsa, daha bir neçə il futbol oynamaq istərdim. Lakin zədə imkan vermədi.
– Hazırda nə işlə məşğulsunuz? Məşqçiliyə başlamısınız?
– Xeyr, məşqçiliklə məşğul deyiləm. Hazırda televiziya verilişlərinin birində futbol eksperti kimi fəaliyyət göstərirəm. Bundan əlavə, radioda futbola aid proqramın aparıcısıyam.
– Azərbaycanla bağlı hansı xatirələriniz qalıb?
– Ancaq xoş xatirələrim qalıb. “Neftçi”də çıxış etməkdən məmnun idim. Bakıda yaşamaq da ürəyimcə idi. Azərbaycanlılar çox yaxşı, mehriban insanlardır. Onlar mənə və ailəmə qarşı səmimi davranır, bütün məsələlərdə kömək edirdilər. Həyat yoldaşımla bunu yüksək qiymətləndirirdik.
– Ölkəmizdə hər şey ürəyinizcə olduğu halda, Azərbaycandakı karyeranız niyə qısa çəkdi?
– Əslində “Neftçi”də qalmaq, uzun müddət bu klubun formasını geyinmək istəyirdim. Sadəcə, orada icarə əsasında çıxış edirdim. İcarə müddətim başa çatandan sonra məcburən Azərbaycanı tərk etdim. Düzdür, “Neftçi” transfer hüququmu almaq istəyirdi. Ancaq ovaxtkı klubum “Slovan” (Liberets) transferin baş tutması üçün çox pul tələb etdi. “Neftçi” rəhbərliyi bununla razılaşmadığı üçün Çexiyaya qayıtmalı oldum.
– Azərbaycanda hansı futbolçuları bəyənirdiniz?
– Rəhman Hacıyevi xatırlayıram. Gənc futbolçu olsa da, böyük istedada və potensiala malik idi. Ancaq bunu meydanda göstərə bilmirdi. Bir də Namik Ələskərov yadımda qalıb. Namiq həm yaxşı insan, həm də əla futbolçu idi.
– “Neftçi”nin hazırkı vəziyyəti ilə maraqlanırsınız? Klubda baş verən dəyişikliklərdən xəbəriniz varmı?
– Tam təfsilatı ilə bilməsəm də, klub haqda əksər xəbərlərdən haliyəm. Bir də tez-tez “Neftçi”nin nəticələrinə, turnir cədvəlindəki mövqeyinə nəzər salıram.
– “Neftçi” son 10 ildə cəmi bir dəfə Azərbaycan çempionu ola bilib. Bu uğursuz statistikanın səbəbini nədə və ya kimdə görürsünüz?
– Təbii ki, bunun səbəbkarı “Qarabağ”dır. Ancaq “Neftçi”ni hesabdan silmək olmaz. Əvvəlki illərə baxanda bu mövsüm “Qarabağ”la rəqabət apara biləcək gücdə görünürlər. Rəhbərlik və baş məşqçi dəyişib. Heyətə yeni futbolçular cəlb ediblər. Hiss olunur ki, məqsədləri çempionluqdur. Bunu bacarıb-bacarmayacaqlarını isə zaman göstərəcək.
– Yeri gəlmişkən, “Qarabağ” haqda hansı fikirdəsiniz? Bu mövsüm çempionluq mübarizəsində Ağdam klubunun şanslarını yüksək qiymətləndirirsiniz, ya “Neftçi”nin?
– “Qarabağ” daha çox Avropa Liqasındakı oyunlarına görə yaddaşımda qalıb. Həmin vaxt mən “Slovan”da idim. Yadımdadır, Çexiyadakı matçda “Qarabağ”a qalib gəlmişdik. Bakıdakı görüşdə isə 2:2 hesablı heç-heçə qeydə alınmışdı. “Qarabağ” çox yaxşı klubdur. Bunu son illərdəki nəticələri təsdiqləyir. Həm Azərbaycan daxilində, həm də avrokuboklarda inamlı təsir bağışlayırlar. “Qarabağ”ın yaxşı büdcəsi və səviyyəli futbolçuları var. Çempionluq mübarizəsinə gəlincə, indidən nəsə demək çətindir. Hələ mövsümün əvvəlidir və hər iki komanda xal itkilərinə məruz qalıb. Buna görə də proqnoz verməkdə çətinlik çəkirəm.
FƏRİD