“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 6-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 2:0 hesablı qələbədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm, bizim üçün vacib oyun idi. Milli fasiləyə görə oyunçular xeyli vaxt idi ki, birlikdə deyildilər. Futbolçular özlərini tam yaxşı tərəfdən göstərdilər. Fikirləri tam olaraq oyunda oldu. Təbrik edirəm, rəqibə uğurlar arzulayıram.

Son illərin ən dəyişik çempionatını görürük. İnanın ki, rəqiblərə fərq qoymaq fikrində deyilik. Çünki hamısının gücü bəllidir. Hər tur fərqli nəticə ola bilər. Sıx qrafikdəyik, futbolçuları nə qədər hazırlamağa çalışsaq da, çətindir. Rotasiyalar çox edirik. Bəzi oyunçuları hətta meydana buraxmırıq. Süni örtük və 3-4 gündən bir oyun oynadıqlarına görə ehtiyat edirik. İlk dəfə deyil ki, bu halla rastlaşırıq. Bu mövsüm zədəlilərimiz çox oldu. Patrik Andrade çoxdandır komanda ilə deyildi. Bədavi və Veşoviç oynamır. Üç itki böyük zərbədir bizə. Deməli, daha ciddi olmalı, rəqiblərə qarşı daha ciddi yanaşmalıyıq. Bəlkə özümüz də hansısa risklərə getməliyik ki, xal ehtiyatımızı yaxşılaşdıraq. Hər itirilən xal bizim üçün turnir cədvəlində böyük zərbə olacaq. Amma başqa çıxış yolu yoxdur, sıx qrafikdə daha çox güc sərf etməyə çalşacağıq.

Abbas da yoxdur, o da böyük itkidir. Rotasiyalar edə bilmirik. Amin gənc olsa da, ona güvənirik. Az oyunlarda oynamayıb. Nə qədər çox oynasa, daha tez təcrübə toplaya bilər. Hansı oyunçu lazım olsa, onu meydana buraxmağa çəkinməyəcəyik.

Diakabi komandamızın üzvüdür. Safəcə mikrozədələri var, bəzən tam güclə məşq edə bilmir. Bir ara geridönüş etmişdi, amma son vaxtlarda mikrozədələr oldu. Rəqabət çoxalır. Qarşıda yenə əvvəlki formasına qayıda bilsə, bizim oyunçudur, lazım olanda istifadə edəcəyik.

Transferlər böyük ehtimalla qış aylarına kimi bitib. Çünki biz ancaq azad agent statusunda olan oyunçuları götürə bilərik. Onun hansı formada olacağı da böyük sual altındadır. Ona görə də ola bilər ki, dekabra kimi trasnfer olmasın. Amma bəlkə oldu. Hücum xəttinə, müdafiəyə, yarımmüdafiəyə oyunçu axtarırdıq. Ancaq edəcək planımız yoxdur. Qışa qədər axtarışda olacağıq.

Bu gün qarşımızda çox intizamlı komanda var idi. “Sabah”a qarşı oynamaq asan deyil. Qələbə bizim üçün böyük nəticədir. Hakimlər get-gedə hər xırda epizoda daha çox diqqət ayırırlar. Məsələn, “Səbail”lə görüşdə qapımıza təyin edilən penalti… Ola bilər ki, əks tərəfə də verilib. Bəzən çox bəsit qərarlar görmüşəm. Amma hakimlərimizə etirazımız olmayıb. Bu gün də birinci qolda və penaltidə ofsaydı haradan tapdılar, bilmirəm. Xətt elə idi ki, ofsayd var idi, yox idi, bilmirəm. Amma ən düzünü onlar bilir. Xırda diqqətsizliyə görə komandanın nəticəsinə təsir edə bilərlər. Bilirik ki, hakimlər çox çalışırlar. Hakimlərimizə inanırıq. İnanırıq ki, hamıya eyni gözlə baxırlar. Bizim işimiz meydanda daha intizamlə olub, nəticə qazanmaqdır.

Andrey Lunyov təcrübəli qapıçıdır. 6-7 ay oynamaması o qədər də təsir etməz. 2-3 oyundan sonra özünü daha komfortda hiss edəcək. Luka Quqeşaşvili oynayırdı. Neçə vaxtdır yaxşı səviyyədə çıxış edir. Heç bir narahatlığım yoxdur.

Şahruddinin özü və klub üçün yaxşı təklif oldu. Sonda qərara gəldik. Onun üçün şərait yaratdıq ki, bu cür komandada oynasın. Azərbaycandan, “Qarabağ”dan belə komandaya oyunçumuz gedirsə, sevinməliyik. Əvvəllər də demişəm ki, son vaxtlar böyük bazara girmişik. Kadi Rusiyada, Vadji Fransada tanınmış kluba gedib. Şahruddin Türkiyə Super Liqa komandasına keçdi. Çox böyük işdir. İstər-istəməz orada Azərbaycan futbolu haqda danışılması, böyük inkişafdır. O bazara girmişiksə, gələcəkdə cavanlarımız üçün, yerilərimiz üçün maraqlı təkliflər olar. Musa da İsveçə getdi. Hər bir futbolçuya təşəkkür edirik ki, onların uğurlarımızda payı olub. Heç vaxt yaddan çıxara bilmərik. Mən də səhv edirəm, digərləri də, yalnış qərarlarımız olur. Hər futbolçu səhvini başa düşməli, onu təkrarlamamağa çalışmalıdır. Bu, futbolçularımızdan tələbimizdir. İnanıram ki, qarşıdakı matçlatda da bunu düşünərək addım atacaqlar”.

Shares: