Azərbaycan millisinin skautu İlqar Qurbanovun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasında 6-cı turun mərkəzi oyununda “Qarabağ” “Sabah”ı asanlıqla (2:0) məğlub etdi. Bu cür mübarizə gözləyirdiniz?
– “Sabah”ın son nəticələrinə baxsaq, “Qarabağ”ın rahat qələbə qazanacağını gözləyirdim. Oyun da göstərdi ki, “Qarabağ” çox üstündür, “Sabah” isə aciz idi. “Qarabağ” həmişə mövsümün əvvəllərində yavaş-yavaş formaya düşür və öz sistemini qaydasına salır.
– “Qarabağ”ın ideal formaya düşdüyünü demək olar?
– Hələ tam optimal formada deyillər. Yəqin ki, 2-3 həftəyə komanda pik formasında olacaq. Çünki yayda çox oyunçu satdılar, zədəli futbolçular oldu. Bunların hamısının təsiri olur. Yeni gələnlərin də uyğunlaşmağa, zamana ehtiyacı olur.
– Mövsümə çempionluq iddiası ilə başlayan “Sabah” indi 4 xalla son sıralarda qərarlaşıb. Belə çıxır ki, bu komanda ötən mövsüm Aleksey Kaşuk və Coy-Lens Mikelsdən asılı olub?
– Hazırda görünən budur. Xüsusən də Kaşukun gedişi komandanın gücünə 60-70 faiz təsir etdi. “Sabah”ın yaxşı keçirmədiyi bəzi matçları Kaşuk həll edirdi. Deməli, sistem hələ tam oturmayıb. Məsələn, “Qarabağ” zədəlilərdən, transferlərdən asılı olmayaraq, öz oyun üslubuna sadiq qalır, istədiyi qədər xallar qazanır. “Sabah”la görüş də göstərdi ki, “Qarabağ”ın yeni transferləri sanballı oyunçulardır. Az məbləğə gəlmədikləri görünür. Yəqin ki, bir müddət sonra onlar da formaya düşəcəklər. Bu mövsüm “Sabah”ın, “Neftçi”nin nəticələri mənim özümə də maraqlıdır.
– “Neftçi” demişkən, “ağ-qaralar” bu turda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub oldular. “Neftçi”dəki qeyri-stabilliyi nə ilə əlaqələndirirsiniz?
– “Neftçi”də qeyri-stabillik neçə ildir ki, var. “Neftçi”nin sadəcə, adı qalıb. Hamımız “Neftçi” adı ilə böyümüşük. Komanda əvvəlki əzəmətinə nə vaxt qayıdacaq, bunu zaman göstərəcək.
– Komanda formaya düşənə qədər çempionluq mübarizəsində gec olmayacaq?
– Yalnız “Qarabağ”ın lazımi qədər xallar toplayacağını əminliklə deyə bilərəm. Çünki mövsümə bundan da pis start götürən “Qarabağ” görmüşük. Ağdam klubu istisna olmaqla, digər komandalar oyun baxımından da ümid vermirlər. Artıq 6 tur keçib, ən azı nəsə görünməli idi. Amma komandalarda heç gözlədiyimiz sistemi görmürük.
– “Zirə” minimal hesablı qələbələrlə çempionata liderlik edir. Komanda son matçda “Sumqayıt”ı da 1 qolla üstələdi. “Zirə” bu oyun üslubu ilə sona qədər zirvə yarışında qala bilər?
– “Zirə” bu mövsüm tam fərqli sistemdə çıxış edir. Daha çox müdafiə futbolu oynayırlar, kompakt çıxış edirlər. İlk turlarda çoxları deyirdi ki, bəxtləri gətirir. Amma “Sumqayıt” önündə 12-ci dəqiqədən etibarən azlıqda qalsalar da, 80 dəqiqə ideal müdafiə olundular. Bu da o deməkdir ki, “Zirə”nin 5 qələbəsi təsadüf deyil. Əlbəttə ki, bütün mövsümü bu qaydada davam etmək çətin olar. Yəqin ki, Rəşad Sadıqovun planları var. Hər oyunu belə keçirmək çətindir. Yəni heç də bütün matçlarda ələ düşən azsaylı şansı dəyərləndirməyə bilərsən. “Qəbələ” ilə qarşılaşmada olduğu kimi. “Zirə”nin də bir neçə transferi var. Ən azı komanda çox yaxşı müdafiə oluna bilir.
– “Kəpəz”i səfərdə 3 cavabsız qolla üstələyən “Səbail” ardıcıl 3-cü qələbəsini qazandı. Demək olarmı ki, paytaxt təmsilçisi istədiyi məşqçini indi tapıb?
– Tam elə deməzdim. Baş məşqçiləri tanıdığımız mütəxəssisdir, illərdir Azərbaycan futbolunda çalışır. Qeyri-adi nəsə yoxdur.
– Amma komanda əvvəlki mövsümlərdən fərqli oyun sərgiləyir, uğurlu nəticələr qazanır…
– Çox fərqli saymazdım. Amma nəticə var. Onların büdcəsinə baxanda, bu nəticə normaldır. Çox yaxşı büdcəyə malikdirlər. Belə komandalar iddialı olmalıdır. Bizdə adətən uğursuzluq olanda sığortalayırlar. Sponsorların maliyyəni artırması yaxşı haldır. Onları futboldan küsdürmək olmaz. Yaxşı nəticələr qazanmaq lazımdır ki, sponsorlar futbolumuza gəlsinlər.
– “Turan Tovuz” öz meydanında “Qəbələ” önündə 2 top fərqi ilə önə keçsə də, bunu qoruya bilmədi. 2:0 öndə olan Tovuz klunun meydanı 2:2 hesabı ilə tərk etməsinin səbəbini nədə görürsünüz?
– Açığı, hesab 2:0 olanda “Turan Tovuz”un xal itirəcəyini gözləmirdim. Sərgilənən oyun da 2:2 hesabından xəbər vermirdi. Amma futboldur, arxayınlıq ola bilər. Ayxan Abbasovun komandasında bu cür hallar az olur. O, intizamı xoşlayan məşqçidir. “Qəbələ” üçün səfərdə 1 xal yaxşıdır. Digər tərəfdən son pillələrdən qurtulmaq üçün “Qəbələ”yə qalibiyyət daha çox lazım idi.
– Bu mövsüm də “Qarabağ”ın çempion olacağını proqnozlaşdırmaq olar?
– Çempionluğa əsas favorit “Qarabağ”ı hesab edirəm. Ötən mövsümdəki performansına və transferlərinə görə, “Sabah”ı da favoritlərdən sayırdım. Hazırkı turnir cədvəlindəki yerlər çaşdırıcı ola bilər. Xal fərqləri o qədər də çox deyil. Çempionat uzun marafondur. Liqamızda belə hallara çox rast gəlmişik. Ardıcıl üç qələbə ilə 2-3-cü yerlərə yüksələ bilirsən. Aşağı büdcəli komandaların ehtiyat qüvvələri az olur. Zədələr, yorğunluq istər-istəməz enişə səbəb olur. Bu üzdən indidən nəsə demək üçün tezdir.
FƏRİD