ÇXR-nın rəhbəri Si Sinpin BOK-un prezidenti Tomas Baxla görüşüb. Görüşdə Çin lideri idmanın siyasiləşdirilməsinin əleyhinə çıxdığını ifadə edib.
Xatırladaq ki, hazırda Çinin Hançjou şəhərində Asiya Yay İdman oyunları keçirilir. Görüş də elə məhz bu yarışların açılış mərasimində baş tutub.
“Son yüz il ərzində görünməmiş dəyişikliklər və COVID-19 pandemiyasının yaratdığı problemlər fonunda BOK öz siyasətinə sadiq qaldı, sülhün qorunmasında, bəşəriyyətin birliyinin və tərəqqisinin təşviqində unikal rol oynadı. Çin həmişə idmanın inkişafına böyük əhəmiyyət verib və beynəlxalq Olimpiya hərəkatında fəal iştirak edib. Biz idmanın siyasiləşdirilməsinə qarşı prinsipi dəstəkləmək, Olimpiya hərəkatına yeni və daha böyük töhfələr verməklə Pekin Qış Olimpiya oyunlarının mirasından tam istifadə edərək və ədalətli cəmiyyət qurmaq üçün BOK ilə birlikdə çalışacağıq”, – deyə Si Sinpin vurğulayıb.
Bax da öz növbəsində Çin və BOK arasında əməkdaşlığın möhkəmlənəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, dünya geosiyasi münaqişələr və digər çətinliklərlə üzləşir və BOK Çinin tutduğu bu düzgün mövqeni yüksək qiymətləndirir.