Misli Premyer Liqasının son turları hakim qalmaqallarıyla zəngindir. AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək ipi əldən verib və yığışdıra bilmir.

Türkiyəli mütəxəssisin idarəçiliyindəki qüsurlar yavaş-yavaş üzə çıxır. Hətta VAR-ın da problemləri ört-basdır edə bilməməsi bu sahədə olan çatışmazlıqların isbatıdır. Şübhəli penaltilər, məşqçiləri “dəli” edən, VAR-ın müdaxilə etmədiyi epizodlar həddindən artıq çoxdur. Buna görədir ki, mövsümün ilk 7 turunda məşqçilər futbolçulardan çox qırmızı vərəqə alıb.

Hakimliyin bərbad olması dünən AFFA tərəfindən də təsdiqləndi. 6-cı turda Kamranbəy Rəhimovun verdiyi qərarın yanlışlığını AFFA Apellyasiya Arbitraj Tribunalı ifşa etdi. “Zirə” – “Sumqayıt” oyununda meydan sahiblərindən Pyer Zebli 11-ci dəqiqədə qırmızı vərəqə almış, komandası oyunu 10 nəfərlə davam etdirmişdi. Tribunal legioneri cəzasının çəkilməyən hissəsindən azad etdi və baş hakimin qərarının doğru olmadığını göstərdi. Birbaşa qırmızı vərəqə göstərilməsi futbolçunun azı iki oyunluq cəzalanması deməkdir, amma Zebli bir turluq aradan sonra geri qayıdır.

“Zirə” hakim qərəzinə baxmayaraq, qələbə qazanmışdı, bunu bacarmasaydılar, Rəhimovun sayəsində önəmli xallar itirəcəkdilər. O zaman AFFA-nın cəzası da, Tribunalın əfvi də heç nəyi dəyişməyəcəkdi.

Həmin oyunda Zebliyə hətta sarı vərəqə düşmədiyini tribunada əyləşən tamaşaçılar da görmüşdü. Lakin baş hakim ən sərt qərarı verdi, VAR-a baxmağa belə ehtiyac duymadı. Həmin vaxt monitor önündə əyləşən Əliyar Ağayevin hakimi VAR-a çağırmaması işin digər ilginc tərəfi idi. Son turda onları heç birinin təyinat almaması, hətta VAR asistenti və ya 4-cü hakim olmamaları da cəzalandırıldıqlarını göstərir.

Bütün bunlar hakimlikdə baş verən qəribə olayların görünən tərəfidir. Elə məqamlar da var ki, onu yalnız statistikaya baxmaqla bilmək olar.

Normalda ölkə futbolunun hakimliyinin ağırlığını FİFA referiləri çəkməlidir. Çünki onlar nəticələrinə görə digərlərindən bir addım öndədirlər və oyunların yüksək səviyyədə idarə olunması üçün daha çox işləmələri lazımdır. Amma bizdə fərqlidir – FİFA referilər heç də hamıdan çox təynat almır, üstəlik, mərkəzi matçlarda daha az görünürlər.

Hesabladıq və bəlli oldu ki, Əliyar Ağayev, Elçin Məsiyev və Rauf Cabarov ötən 7 turda həmişə bir matçda görünüb. Onlar həftə ərzində ya baş hakim, ya VAR hakimi, ya da 4-cü hakim kimi cəmi bir təyinat alıb. Yalnız 6-cı turda Əliyarla Elçin 2 matçda görünüb, əvəzində Rauf ümumiyyətlə, kənarda qalıb. Son turda isə Ağayev təyinat almayıb, digər FİFA referiləri bir qarşılaşmada hansısa vəzifəni yerinə yetirib.

Bəlkə də bu, normaldır, hamıya şans verilməsi üçün məhz belə olmalıdır. Lakin Cavid Cəlilovun statistikası belə deməyə imkan vermir. Barış Şimşəkin Cabarovu əvəzləmək üçün FİFA referiliyinə hazırladığı, yüksək hakim səviyyəsi olmasa da, qulağından dartılaraq irəli çəkilən Cəlilov sanki külli-ixtiyar sahibidir.

Diqqət edək:

1-ci tur. Sabah – Qəbələ: baş hakim

2-ci tur. Araz-Naxçıvan – Qəbələ: AVAR

…Qarabağ – Turan Tovuz: VAR

3-cü tur. Kəpəz – Turan: baş hakim

…Sabah – Neftçi: VAR

4-cü tur. Qarabağ – Kəpəz: VAR

5-ci tur. Qəbələ – Zirə: baş hakim

7-ci tur. Zirə – Neftçi: VAR

…Sabah – Kəpəz: 4-cü hakim

Yalnız 6-cı turda təyinat almayan (əvvəlki turda Qəbələdə etdiyi səhvlərə görə – müəl.) Cavid bəy 3 turda 2 oyuna təyinat alıb, ümumilkdə 9 matç görüb. Başqa heç bir hakimin, hətta beynəlxalq dərəcəli referilərimizin də belə göstəricisi yoxdur.

Bu, birbaşa vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdir. Cəlilov Şimşəkin sədr olduğu Hakimlər Komitəsinin tərkibində departament rəhbəridir. Vəzifə ona özünə daha çox təyinat yazdırmağa imkan verir. Çox oyun çox qonorar deməkdir, Cavid bəy həm pul qazanır, həm də FİFA referiliyinə namizəd olmaq üçün statistikasını yaxşılaşdırır. İnanın, Cəlilov əla demirik, orta səviyyədən azca yuxarı bacarığa malik biri olsaydı, bəlkə də bu özbaşnalığa göz yummaq olardı. Amma elə deyil, dərə xəlvət, tülkü bəy misalı…

Barış Şimşəki Hakimlər Komitəsinə sədr təyin edənlər onun yalnız əcnəbi olmasına aldanıb. Türkiyədə hakim kimi heç vaxt ən yaxşılardan olmayan, yalnız VAR təlimatçısı kimi tanınan birinə postu tapşıranlar bugünkü vəziyyəti görməli idi. Hakimlik VAR-dan ibarət deyil, idarəçilik isə ümumiyyətlə, fərqli bacarıqlar tələb edir. Türkiyəli mütəxəssis isə sələfi Frits Stuxlikin ölkə futboluna caladığı Cəlilovun, Məsiyevin əlində oyuncağa çevrilib.

VÜSAL MAHMUDOV

P.S.: Yazını yekunlaşdırarkən 8-ci turun təyinatlarının açıqlandığını gördük. Təəccüblənmədik. Cəzalı Kamranbəy Rəhimov daha bir tur dincələcək. Cavid Cəlilov isə yenə baş hakim kimi təyinat alıb. VAR hakimləri açıqlananda bəlli olacaq ki…

302 - Futbolinfo.az

Cavid Cəlilov “Səbail” – “Sabah” oyununu bu formanı geyərək idarə etsə, təəccüblənməyin, çünki “dənizçilər”lə xüsusi bağlarının olduğu foto da sübut edir.

Shares: