Azərbaycan yığmasının sabiq qapıçısı Hüseyn Məhəmmədovun futbolinfo.az saytına müsahibəsi
– Çempionatda gərgin, rəqabətli oyunların sayının artması fikri ilə razılaşırsınız? Bu mövsüm əvvəlki mövsümlərdən həqiqətən fərqlənirmi?
– Mövsüm başlamamış “Qarabağ”, “Neftçi”, “Sabah”, “Qəbələ” və “Zirə”nin ilk yerlər uğrunda mübarizə aparacağını proqnozlaşdırırdıq. Amma çempionatın startından sonra göründü ki, proqnozlar heç də tam olaraq özünü doğrultmayacaq. Çünki “Səbail” və “Araz-Naxçıvan” komandaları da öz iddialarını ortaya qoyur, yaxşı yerlər uğrunda mübarizə aparacaqlarını göstərirlər. Bu da müsbət haldır. İlk “3-lüy”ə düşmək uğrunda oynayan komandaların sayı nə qədər artsa, çempionatımız bir o qədər inkişaf edər. Builki çempionat, həqiqətən də, maraqlı başlayıb və sona qədər də gərgin keçəcək.
– Mövsümün sonunda Premyer Liqanı tərk etməyə ən real namizəd qismində “Kəpəz”in adı hallanır. Vaxtilə Gəncə futboluna xidmət etmisiniz. Necə düşünürsünüz, “Kəpəz” elitadakı yerini qoruya biləcək?
– Bəziləri indidən “Kəpəz”i hesabdan silirlər. Halbuki “Kəpəz” də meydanda sonadək mübarizə aparır, iddialılardan xallar alır. Qarşıda uzun marafon var. Hamı bilir ki, “Kəpəz” yayda istədiyi legionerləri heyətinə cəlb edə bilmədi. Bu da maddiyyatla bağlı idi. Maliyyə durumları yaxşı olsaydı, “Kəpəz” də səviyyəli futbolçular gətirərdi və onda heç kim bu fikrə düşməzdi. Düzü, “Kəpəz” Azər Məmmədovun rəhbərliyi altında əzmkar oyun nümayiş etdirir. Premyer Liqada qalmaq üçün əllərindən gələni edəcəklər. Bunu bacaracaqlarına inanıram. Çox istərdim ki, “Kəpəz” özünə sponsor tapsın, nəticədə daha yaxşı futbolçular ala bilsin. Bu, baş versə, “Kəpəz” də iddialı yerlər uğrunda mübarizəyə qoşula bilər. İnşallah, günlərin birində bir sponsor çıxar və “Kəpəz”ə maliyyə ayırar.
– Yayda böyük tənqidlərlə üzləşən qapıçı Şahruddin Məhəmmədəliyevin “Qarabağ”dan ayrılmasını necə qarşıladınız? O, “Adana Dəmirspor”da əsas heyət üzvünə çevrilə, Türkiyə Superliqasında özünü yaxşı tərəfdən göstərə biləcək?
– Sevindirici haldır ki, “Adana Dəmirspor” kimi kluba keçdi. Şahruddinə inanıram. Artıq debüt etmək imkanı da qazanıb. Sevindirici haldır ki, futbolçularımızın əlinə legioner həyatı yaşamaq üçün yaxşı şanslar düşür. Şahruddin çox istəkli, mübarizə aparmağı bacaran qapıçıdır. Çalışacaq ki, Türkiyədə də özünü yaxşı tərəfdən göstərsin. Əlinə yaxşı fürsət düşüb, bundan faydalanmalıdır. “Adana Dəmirspor”da “1 nömrə”yə çevriləcəyinə inamım böyükdür. “Qarabağ”da oynadığı dönəmdə də Şahruddin özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Neçə illər “Qarabağ”ın şərəfini qoruyub. Düzdür, zaman-zaman səhvləri də olub. Mən də bu yolu keçmişəm. Qapıçı səhvi həmişə yaddaşlarda qalır. Belə olduğu üçün Şahruddin “Qarabağ”da buraxdığı səhvlərə görə çox tənqid olundu. Türkiyə Superliqasında oynaması milli komandamız üçün də xeyirlidir.
– “Qarabağ” hələ Şahruddin getməmişdən öncə rusiyalı qapıçı Andrey Lunyovu heyətinə qatmışdı. Lunyov hazırda Ağdam klubunda özünü yaxşı tərəfdən göstərməkdədir. Onun gəlişindən sonra “Qarabağ”ın qapı xəttinin gücləndiyini demək olar?
– Lunyov uzun illər Rusiya çempionatında oynamış qapıçıdır. Düzdür, “Bayer”ə keçəndən sonra az oyun keçirmişdi, zədəsinə görə uzun müddət meydandan kənarda qalmışdı. Bu, Lunyova çətinlik yarada bilər. Amma ustalıq səviyyəsi olan futbolçu bir müddətdən sonra ansambla qoşula, özünü göstərə bilir. Lunyov Rusiya millisində oynamış qapıçıdır. Təcrübəsinin hesabına qısa zamanda yeni komandasına tam uyğunlaşa biləcək. “Qarabağ” onu əbəs yerə gətirməyib. Qurban Qurbanov Lunyovun xeyir verəcəyinə əmin olduğu üçün onu tələb edib. Qapı xətti futbolda ən həssas mövqedir. Bu mövqedə təcrübəli oyunçunun olması hər komandanın xeyrinədir. Çünki qapıçı komandanın 50 faizidir. “Qarabağ” Lunyovu gətirməklə düz addım atdı.
– “Zirə” keçən mövsüm sırf qapıçı səhvlərinə görə çoxlu xal itkisi ilə üzləşmişdi. Yayda komandaya portuqaliyalı qolkiper Tiaqo Silva cəlb edildi. Onun gəlişindən sonra “Zirə”nin qapı problemini həll etdiyi görünür…
– Həqiqətən də keçən mövsüm “Zirə”də qapıçılar stabil çıxış etmirdilər. Rəşad Sadıqov yayda yeni qolkiper gətirməklə düz addım atdı. Silvanın oyununu bəyənirəm. Gənc olmağına baxmayaraq, qapıda çox rahat, sərbəst dayanır. Meydanda özünü yaxşı tərəfdən göstərməyə çalışır. Rəşad Sadıqov vaxtilə müdafiəçi olduğuna görə komanda üçün vacib mövqelərə daha yaxşı oyunçular gətirə, düzgün seçimlər edə bilir. Silva keyfiyyətli qolkiperdir. İstəkli və əzmli olsa, komandaya daha çox xeyir verə bilər.
– Əvəzində yayda Azərbaycana gələn bəzi qapıçılar ümidləri doğrultmadılar. Məsələn, “Araz-Naxçıvan” bosniyalı qolkiperi Semir Bukviçin kobud səhvlərinə görə ilk turda “Turan Tovuz”a uduzdu, sonra “çərçivə” Kristian Avrama tapşırıldı. “Kəpəz” 6-cı turda belaruslu qolkiperi Vladislav Vasilyuçekin zəif oyununa görə öz meydanında “Səbail”ə 0:3 hesabı ilə məğlub oldu, nəticədə baş məşqçi Azər Məmmədov “Sabah”la görüşdə Kamran İbrahimova şans verdi və meydandan 1 xalla ayrıldılar…
– Seçim düz aparılmalıdır. Heyətə cəlb edilməmişdən öncə qapıçıların çıxışı dəqiq təhlil edilməlidir. Amma onu da vurğulamaq lazımdır ki, hər iki klubun yeni transferlər üçün az vaxtı qalmışdı. Görünür, vaxt azlığı “Araz-Naxçıvan” və “Kəpəz”in işini çətinləşdirib, tam analiz edə bilməyiblər. Maddiyyat da böyük rol oynayır. Yaxşı qapıçı cəlb etmək üçün yaxşı pul xərcləməlisən. Futbolçuların adaptasiyası da vacibdir. Yeni ölkəyə, yeni komandaya gəlib özünü göstərmək zaman tələb edir.
ABBAS