Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın “Eqnatia” klubunun baş məşqçisi Edlir Tetova futbolinfo.az saytına müsahibə verib. O, futbolçumuzun çıxışından, Azərbaycanda oynayan həmyerlilərindən danışıb.
– Vüsal İsgəndərli bir müddətdir komandanızdadır. Onun oyununu necə dəyərləndirirsiz?
– Vüsal yay “transfer pəncərəsi”ndə komandamıza gəldi. Açığı, onun bu qədər tez adaptasiya olacağını gözləmirdim. Hər şeyə tez uyğunlaşdı, inteqrasiya oldu. Bu ana qədər komandamız üçün əla iş görür. Matçlarda daha inamlı görünür və həlledici futbolçudur. Çox yaxşı çıxışı bizi sevindirir və Vüsal Azərbaycan millisinə də xeyir verməyə hazırdır.
– Onun ən üstün cəhətləri nədir?
– Sol cinahda çıxış edərkən topla cərimə meydançasına daxil olmağı sevir və qapıya zərbə endirir. Rəqiblərin müdafiə xəttini ani hərəkətlərlə çaşdıra bilir və çox keyfiyyətli oyun ortaya qoyur.
– Azərbaycandan xaricə gedən futbolçular adətən Albaniya kimi ölkələrə tramplin olaraq baxırlar…
– Düşünürəm ki, klubumuz Vüsalın daha yaxşı komandalara getməsi üçün tramplin rolunu oynaya bilər. Əgər o, bu tempdə oynamağa davam etsə, yolu açıq olacaq. Amma hazırda mənim istəklərimi meydanda yerinə yetirməlidir və klubuna qolları ilə dəstək olmalıdır. Hər şey onun üçün yaxşı olacaq.
– Bizim çempionatı izləmək imkanınız var?
– Xeyr, belə çox imkanım olmur. Amma ötən mövsüm apreldən sonrakı oyunları izləmişəm. Vüsala baxmaq üçün bir neçə matçı izlədim. Nəticədə komandamıza gəlməsinə qərar verdik.
– Amma hər halda klublarımızı tanıyırsız?
– “Qarabağ”, “Zirə”, “Neftçi”, “Səbail” kimi komandaları tanıyıram.
– Ölkəmizdə sizin bir necə həmyerliniz çıxış edir. Məsələn, Redon Cica, Belajdi Pusi kimi oyunçular burada top qovur. Onlarla münasibətiniz var?
– Bəli, onları tanıyıram. Albaniyada çox yaxşı çıxış edirdilər. Hər ikisi daha yaxşı klublara getməyə layiqdirlər və işlərinin öhdəsindən gələcəklər. Həm Pusi, həm Cica məşqlərdə çox çalışan oyunçulardır. Klubları üçün maksimum güclərini ortaya qoyurlar. İkisi də orada uğurlu olacaq.
FƏRİD