“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 10-cu turunda “Neftçi”yə 2:4 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlər yaxşı futbol izlədilər. Oyunda hər şey var idi. Hər iki komanda qalib gələ bilərdi. Layiqli futbol oynadıq. Standart vəziyyətdən lazımsız qol buraxdıq. Bundan sonra hesabın 2:3 və 2:4 olmasının heç bir fərqi yox idi. Bu gün komandadan razıyam. “Neftçi”ni təbrik edirəm. İstəkləri çox idi. Belə oynasaq, nəticələr gələcək. Düz yoldayıq.

Mənim futbol fəlsəfəm elədir ki, istəyirəm daim hücum edək, şən futbol oynayaq. 10 oyunun hamısında qol vurmuşuq. Müdafiədə oturmadıq. Ondan sonra da hücumlar etdik. Bu gün meydana qələbə üçün çıxmışdıq. Kiminlə oynamağımızdan asılı olmayaraq, müdafiədə oturmayacağıq. Xoşbəxtliyi rəqib qapısında axtarmağa çalışırıq.

Erkən qol vurduğunuz hallarda futbolçularda psixoloji rahatlıq yaranır. Bütün komandalarda belədir, qol vurandan sonra qapını toxunulmaz saxlamağa çalışırsan. Bu da mane olur. İlk 15 dəqiqədə qol vurmaq istəyirdik. Buna nail olduq. İstəmədən müdafiəyə oturduq. Amma bundan sonra 3 dənə qol şansımız oldu. İkinci qolu vursa bilsəydik, bizim üçün daha yaxşı olardı. 1:0 sürüşkən hesabdır. 0:0 bundan daha yaxşıdır. Çünki konsentrasiyanı itirmirsən”.

Shares: