“Latviyaya qarşı yoldaşlıq oyununa çıxdıq. Ukrayna ilə oyunöncəsi bir çox futbolçulara şans vermək imkanı yarandı. 11 futbolçunu əvəzlədik. Əslində, hesab da sürüşkən idi. İlk yarıda qol vəziyyətlərimizi reallaşdırsaydıq, əvəzetmələri bir az da tez edərdim. Qələbə hər zaman xoşdur. Çatışmayan cəhətlər həddən artıq çoxdur”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri U-21 yığmamızın baş məşqçisi Samir Əliyev Latviyaya (1:0) qarşı keçirilmiş yoxlama görüşündən sonra deyib.
Yığmanın qələbəsini şərh edən Əliyev AVRO-2025-in seçmə mərhələsi çərçivəsində noyabrın 21-də Ukraynaya qarşı keçiriləcək matç haqda fikirlərini bildirib: “Bizi ağır oyun gözləyir. Buna baxmayaraq, məncə, Ukrayna ilə bir az rahat olacaq. Onlara qarşı tamam fərqli oyun oynayacağıq. Ukraynanın qrupda lider olması yaxşıdır, özü də motivasiyadır. Bir gün yol gedəcəyik, bərpa üçün vaxtımız azdır. Hər halda, meydana çıxıb mübarizə aparacağıq və istəyirik ki, layiqli nəticə ilə ayrılaq. Latviyaya qarşı matç çoxdan danışılmışdı, püşkatmadan sonra. Açıq danışaq, hər komanda da bizimlə oynamaq istəmir. Təbii ki, daha güclü rəqiblə qarşılaşmaq istəyərdik. Rəqib yoxdur. Hər halda, Ukraynaya qarşı tamam fərqli görüş izləyəcəyik”.
Yığmanın baş məşqçisi Ukrayna ilə görüşdə hansı nəticəyə ümid etdiklərini də söyləyib: “Latviya və Ukrayna tamam başqa futbol oynayır. Amma beşli müdafiə ilə oynamağımız Ukrayna ilə görüşə müdafiə planında hazırlıq idi. Hər dəfə oyunçu axtarışındayıq. Toplanışlarda yeni oyunçularımız olur. Axtarırıq, şans veririk. Latviya matçı da sırf onun üçün idi. Ukrayna qrupun lideridir. Bu komanda İngiltərəyə üç qol vurub. Çalışacağıq ki, müdafiədə etibarlı oynayaq. Öncə qol buraxmayaq, yəqin ki, əks-hücumlarda şansımızı gözləyəcəyik” (sportal.az).