Yüngül atletikada dopinqə qarşı “Athletics Integrity Unit” (AIU) müstəqil təşkilatı yamaykalı sprinter Kristofer Teyloru 30 ay müddətinə yarışlardan kənarlaşdırıb. Bu barədə  “Reuters” xəbər verib. İdmançı təxminən bir il əvvəl tələb olunan nəzarətdən keçə bilməməklə antidopinq qaydalarını pozmuşdu.

Kənarlaşdırma keçən ildən sayıldığına görə, Teylor 2025-ci ilin mayında yarışlara qayıtmaq hüququ qazanacaq. Beləliklə də, o, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarını buraxacaq.

Teylor 2022-ci il dünya çempionatında 4×400 m estafetdə gümüş qazanan komandanın tərkibində idi. Həmin il o, Şimali Amerika, Mərkəzi Amerika və Karib dənizi hövzəsi çempionatında 400 m məsafəyə qaçışda qızıl və 4×400 m estafetdə gümüş medal qazanmışdı.

Bu qərardan sonra Teylor sosial media səhifəsində “ERANIN SONU” mesajını da yerləşdirib.

Shares: