UEFA AÇ-2016-nın seçmə mərhələsindəki Monteneqro – Rusiya matçında baş verən hadisələrlə bağlı intizam işi açıb. Futbolinfo.az xəbər verir ki, buna həmin oyunun yarımçıq dayandırılması səbəb olub.
Monteneqro tərəfi azarkeşlərinin pirotexniki maddələr yandırmaqda və meydana yad əşyalar atmaqda ittiham olunur. Bununla yanaşı, matçın sonadək oynanılmaması səbəbindən Monteneqroya 0:3 hesablı texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Qeyd edək ki, Monteneqro – Rusiya matçının ilk dəqiqəsində yerli fanatlar qonaqların qapıçısı İqor Akinfeyevə fişəng atıb. Başından xəsarət alan qolkiper xəstəxanaya aparılıb. Bundan sonra matç dayandırılıb. Daha sonra oyun bərpa olunsa da, yerli azarkeşlər bu dəfə rusiyalı futbolçu Dmitri Kombarovun başına alışqan atıblar. Bundan sonra futbolçular arasında insident yaranıb və Rusiya millisinin oyunçuları meydanı tərk ediblər. Beləliklə də, görüş yarımçıq dayandırılıb.