Dünən Dövlət Neft Şirkətinin binasında keçirilən tədbirdə “Neftçi” klubunun yeni Müşahidə Şurası yaradıldı. Futbolinfo.az xəbər verir ki, Çingiz Abdullayevin rəhbərliyi ilə altında fəaliyyət göstərəcək şurada daha 6 üzv olacaq.
AFFA prezidenti Rövnəq Abdullayev isə tədbirin ardından çıxış edərək maraqlı açıqlamalar verdi. Onun ən diqqətçəkən açıqlaması isə bütün klublarımızda Müşahidə Şurasının yaradılması ilə bağlı idi. O bildirdi ki, bundan sonra klublarımız hansısa konkret şirkətin, rəhbərin himayəsində olmayacaq, “Neftçi” kimi bütün komandalar açıq səhmdar cəmiyyətə çevriləcək və belə idarə olunacaq: “Hər klub öz bölgəsinin olacaq, orada hamı cavabdehlik daşıyacaq. Məncə, bu, daha doğru yoldu. Biz də bunu "Neftçi"dən başladıq. Bu, İdarə Heyətinin giriş iclasıdı. Müşahidə Şurasında yer alanlar bu işə həvəslə girişirlər. İnanıram ki, bunun futbolumuza xeyri olacaq. Bütün klubun idarəçiliyi Müşahidə Şurasına keçib”.
Bu açıqlamaya digər klub rəsmilərinin münasibəti də maraqlı idi. Onlarla əlaqə saxlayıb bu barədə fikirlərini öyrənməyə çalışdıq:
Fariz Nəcəfov (“Qəbələ”nin vitse-prezidenti): “Biz bir neçə ay öncə də klubda Müşahidə Şurası yaratmaq haqqında düşünürdük. Bu şəkildə olmasa da, bunu etmək istəyirdik. Lakin sonradan bu, baş tutmadı. Klubun prezidenti Taleh Heydərovdu. O, hansı qərarı verəcəksə, ona uyğun hərəkət edəcəyik. Klubumuzda Müşahidə Şurasının yaradılacağını istisna etmirəm. Klub rəhbəri göstəriş versə, bunu edərik”.
Əmrah Çəlikəl (“Qarabağ”ın icraçı-direktoru): “Bizim komandada artıq Müşahid Şurası var. Əvvəlcədən bilirdik ki, belə bir şey olmalıdır. Ona görə də bunu yaratmışdıq. Müşahidə Şurasının rəhbəri bizim prezidentimiz Tahir Gözəldi. Onun qərarları əsasında fəaliyyət göstəriririk. Həmçinin şuranın 5 üzvü var”.
Georgi Nikolov (“İnter”in prezidenti): “Bizim komandada Müşahidə Şurası yaradılıb. Bu, çoxdan var. Sədr isə Cahangir Hacıyevdi. Klubun adının dəyişdirilməsi məsələsinə gəlincə, bu səlahiyyət də Müşahidə Şurasına aiddi. “İnter”in adının dəyişdirilməsi məsələsini yalnız onlar müzakirə edə bilər”.
Anar Bəkirov (“Simurq”un prezidenti): “Bizdə belə bir şura yoxdu. Hələ ki, bu barədə bizə heç nə deyilməyib. Gələn həftə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb bunu müzakirə edəcəyik”.
Vaqif Qasımov (AZAL-ın vitse-prezidenti): “Bu barədə heç nə deyə bilmərəm. Hələ məsələdən dəqiq xəbərim yoxdu. Qarşıdakı günlərdə bu barədə sizə məlumat verərik”.
Digər klublardan məsələ ilə bağlı fikir öyrənə bilmədik. Amma istənilən halda mənzərə aydındı: Klubların özləri üçün də indiki vəziyyət müəmmalıdı. Bəzi klublarda Müşahidə Şurası olsa da, bu, heç də rəhbərin dəyişməsi ilə klubun sıradan şıxmayacağını deməyə əsas vermir. Bundan başqa, “Neftçi” də daxil olmaqla, hansısa klubun aksiyasının satışa çıxarılmasıyla heç nə həll olunmayacaq. Görək, hələ həmin aksiyaların qiyməti necə olacaq, ümumiyyətlə, onları alan tapılacaqmı? Və ya həmin aksiyaları yenə əvvəlki rəhbərlər və onların ətrafı ələ keçirəcəksə, daha bunun nə mənası?
AĞA