AFFA İcraiyyə Komitəsinin sabah baş tutacaq iclasından çıxacaq qərar əksəriyyətə bəllidir. Milli komandanın uğursuz çıxışının birbaşa səbəbkarı olan Canni de Byazi ilə bitən müqavilənin uzadılmaması gözlənilir. Amma…
…Amma millinin baş məşqçi postunu yerli məşqçilərə vermək istəməyən bir dəstə var ki, onlar üçün bu vəzifə monopoliyalarının bitiş nöqtəsidir. Bu səbəbdən de Byazinin himayədarı olan Elxan Məmmədov və dostları son ana qədər bunun baş verməməsi üçün mübarizə aparacaq. Onlar “yuxarılar”la məsləhətləşmə bəhanəsi ilə prosesi uzatmağa, uğursuzuğu unutdurub sakit bir məqamda qərar verməyə cəhd edəcək.
De Byazi ikinci dəfə millinin baş məşqçi postunda saxlanılarkən məhz bu üsuldan istifadə edilmişdi. Zaman göstərdi ki, həmin qərar səhvdir və italiyalı ilə əlavə zaman itirdik. Üstəlik, Canni arxasındakıların dəstəyindən ilhamlanaraq jurnalistləri, bizlərin simasında bütün Azərbaycan xalqını təhqir etməyi özünə rəva gördü, bu cəsarəti tapdı.
İndi de Byazi postunda saxlanılsa və ya qərar vermək üçün zaman qazanılsa, tənqid hədəfi İcraiyyə Komitəsi olmalıdır. Son bir ayda italiyalıya dəstəyini bildirən iki nəfər olub, məhz onların özünün fəaliyyəti araşdırılmalı, bu illər ərzində verdikləri biabırçı qərarların fəsadları ifşa edilməlidir.